Nov 05 2019 18:48
Views: 200

İsveçin paytaxtı Stokholmda Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş yüksək səviyyəli seminar keçirilib. Toplantıda İsveç və Polşanın, eləcə də Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşulan 6 ölkə - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanın xarici işlər nazirləri iştirak edirlər. Toplantıda Şərq Tərəfdaşlığı proqramının həyata keçirildiyi 10 il ərzində görülən işlərə nəzərə salınıb, bundan sonrakı əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirə aparılıb. Seminar Şərq Tərəfdaşlığında yeni siyasi baxış mövzusuna həsr olunub. 2009-cu ildə İsveç və Polşa Avropa İttifaqının qonşuları ilə əməkdaşlığı gücləndirməsini nəzərdə tutan Şərq Tərəfdaşlığı proqramı təşəbbüsünü irəli sürüb. "Şərq Tərəfdaşlığı" proqramı rəsmi olaraq 2009-cu il mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minib. Həmin toplantıda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib və ölkəmiz təşəbbüsü dəstəkləyib.
10 il ərzində Şərq Tərəfdaşlığı platforması Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsinə imkan verib. Bu müddətdə bir sıra birgə layihələr icra olunub.
Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi baxımından önəmli layihələrdən biri sayılır. Gələn il bu dəhlizə daxil olan TAP kəməri ilə Avropa Şahdəniz-2 qazını əldə edəcək.  Həmçinin, Avropa İttifaqı, Azərbaycan neftinin ən iri istehlakçısıdır. Avropa İttifaqı son 10 il ərzində Azərbaycan iqtisadiyyatına ən böyük sərmayalar qoyub və ölkənin əsas ticarət tərəfdaşı olub. Azərbaycanın ümumi ticarət dövriyyəsində 48,6% Avropa İttifaqının payına düşür. Tərəflər arasında siyasi müstəvidə də əlaqələr inkişaf edir. Belə ki, 2018 –ci ildə Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. İndi rəsmi Bakı ilə Brüssel arasında yeni Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş üzərində iş gedir. bu sənəd 1996-cı ildə imzalanan sazişin daha müasir və hərtərəfli alternativi olacaq.

 


Create Account



Log In Your Account