May 18 2019 17:24
Views: 692

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Xalq artisti Roza Cəlilovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biri - Roza Cəlilovanın 90 illik yubileyi qeyd olunub.  Yubiley gecəsində iştirak edən həmkarları və sənət adamları Azərbaycan rəqsinin canlı əfsanəsini   təbrik ediblər.

Roza Cəlilova Azərbaycan xalq rəqslərinin mahir ifaçılarından birinə çevrilib, öz sənəti ilə böyük səhnə peşəkarlığına və fitri istedada malik olduğunu sübut edib. Onun repertuarında milli rəqslərimizlə bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutur. O, səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanada, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və digər ölkələrdə qastrol səfərlərində olub.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Roza Cəlilovanın yaradıcılığından danışıb, sənət fəaliyyətinə nəzər salıb. Qeyd edib ki, rəqqasə parlaq ifaçılıqla yanaşı, uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından yubilyarı təbrik edən Mədəniyyət naziri xüsusi olaraq qeyd edib ki, o, bu günlərdə ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Yubilyarın özü də əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə və birinci xanıma öz minnətdarlıq edərək ömrünün qalan hissəsini də Azərbaycan rəqslərinin təbliğinə həsr edəcəyini bildirib.

 


Create Account



Log In Your Account