Oct 09 2018 18:19
Views: 47854

Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan rus KİV-lərinin onun dəvətini rədd etməsindən təəssüflənib. O, Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin işıqlandırılması üçün bir sıra media orqanına dəvət göndərib. Lakin tədbir rus jurnalistlərini maraqlandırmayıb.

Akopyan deyib ki, onun tədbirinə gəlməkdən imtina edən KİV-lər arasında “Rusiya” telekanalı, “Sputnik” agentliyi, “Mir” beynəlxalq teleradio şirkəti də  var. Azərbaycan Milli Məclisinin üzvü Aydın Mirzəzadə Anna Akopyanın işğal altında olan ərazilərə səfərini təxribat kimi qiymətləndirir. Deputatın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan və həyat yoldaşı tərəfindən təşkil olunan bu ucuz PR aksiyası onların gözlədiyi nəticəni verməyib.   

“Bu, çox qəribədi – hansısa ölkənin birinci xanımı qonşu ölkənin işğal olunmuş torpaqlarına gəlir və orada sülhə çağırış edir. Azərbaycan onunla necə razılaşa bilər? Axı onların əsgərləri hələ də torpaqlarımızın 20 faizini işğal altında saxlayır. O, Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi böyük PR etmək istəyib. Bu cür süni və ucuz metodlarla uğur qazanmaq çətin məsələdir”.

Deputatın fikrincə, səfərdə iştirak edən ictimai aktiv rus qadınları adı altında Ermənistanın sıravi vətəndaşları da təqdim oluna bilərdi. Bəlkə də elə buna görə Ermənistan mediasında Azərbaycanın işğal olunmuş ərazilərinə gedən rus xanımlarının adları çəkilmir. Səfərin əsas məqsədi piar idi. Lakin Ana Hakopyan buna nail ola bilməyib, çünki Rusiya KİV-lər bu təxribata uymayıblar.

Rusiya KİV-lərinin Anna Akopyanın Qarabağa səfərini işıqlandırmaqdan imtina etməsi normal haldır. Rusiyanın beynəlxalq məsələlər üzrə eksperti Yevgeni Mixaylov belə hesab edir. Onun sözlərinə görə, bu səfər Ermənistan və Azərbaycan arasındakı gərginliyin azaldılmasına xidmət etmir. Həm də bu aksiya dünya ictimaiyyətində çaşqınlıq yaradıb.

“Anna Akopyan bu əraziyə heç bir aidiyyəti olmayan, Rusiyada ictimai rəyə təsiri olmayan qadınları ora dəvət edib. Fikrimcə, Anna Akopyan bu hərəkəti ilə bir daha sübut etdi ki, Ermənistan hələlik danışıq masasının arxasına oturmağa hazır deyil. Ona görə də rus jurnalistlərinin imtinasına təəccüblənmək lazım deyil. Rusiya KİV-ləri aranı gərginləşdirəcək bu addımı atmaqdan çəkinməkdə düz ediblər. Çünki bu səfərdən yazan media münaqişənin yalnız bir tərəfini işıqlandırmaqla Ermənistanın məqsədini dəstəkləmiş olacaqdı”.

Ermənistanın “humanitar missiya” adı altında bir qrup rusiyalı qadını Azərbaycanın işğal olunmuş ərazilərinə aparması Rusiyanın ATƏT Minsk qrupunun həmsədri mandatına qətiyyən uyğun gəlmir. Bu haqda Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Qurumdan bildiriblər ki, erməni qadınlar ilk növbədə öz övladlarını Azərbaycanın tanınmış ərazilərinə hərbi qulluğa göndərməkdən çəkinsələr, daha yaxşı olardı.

 


Create Account



Log In Your Account