Aug 12 2020 14:39
Views: 122

Rusiya artıq koronavirusa qarşı peyvəndin kütləvi istehsalına başladığını bəyan edib. Preparatlar Zelenoqrad şəhərində “Sistem” şirkətinə məxsus “Binnofarm” zavodunda buraxılır. Şirkətin rəhbəri bildirib ki, zavod 1.5 milyon doza peyvənd istehsal etmək imkanına malikdir.

Xatırladaq ki, ötən gün Rusiya prezidenti Vladimir Putin ölkəsində koronavirusa qarşı ilk peyvəndin hazırlandığını elan edib. “Sputnik V” adlandırılan preparat “Binnofarm” zavodu ilə yanaşı Qamaley adına epidemioloji və mikrobioloji araşdırmalar mərkəzində də istehsal olunur. Rusiya tərəfinin bildirdiyinə görə, artıq 20 ölkə təxminən 1 milyard doza peyvənd almaqla bağlı müraciət edib. Onlar arasında Latın Amerikası, Asiya və Yaxın Şərq ölkələri var. Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dmitriyev bildirib ki, peyvənd ilk növbədə daxili istifadə üçün buraxılır. Amma digər ölkələrə satış məqsədilə istehsal xarici tərəfdaşlarla birgə təşkil olunacaq.

Rusiyanın koronavirusa qarşı peyvəndi hazırlaması xəbərlərinə digər ölkələr ehtiyatlı yanaşır. Almaniyanın Səhiyyə naziri Yens Spahn bildirib ki, Rusiya hakimiyyəti bu məsələdə çox şəffaf olmadığından bu barədə çox az şey bilinir. Problem də məhz bundadır.

Qeyd edək ki, indi ABŞ, Çin, Türkiyə və bir sıra digər ölkələr də peyvənd üzərində işləyir. Preparatların bir çoxu insanlar üzərində sınanır. Amma peyvəndin effektinin sübut olunması üçün daha çox insanda sınanması və yan təsirlərinin olmadığının təsdiqlənməsi lazımdır.


Create Account



Log In Your Account