Jan 11 2019 13:55
Views: 444

İdmansevərlər bu səsi çox gözəl tanıyırlar – istər futbol, istər voleybol, gimnastika olsun, fərq etmir, Rövşən Binnətlinin həyəcanlı, səlis Azərbayan dilində səmimi danışığı tamaşaçılar tərəfindən daim sevgiylə qarşılanıb. 60 yaşını qeyd edən tanınmış jurnalist Rövşən Binnətli ömrünün demək olar yarısını bu peşəyə həsr edib. Ağdamda doğulan Rövşən Binnətli müxtəlif televiziya və qəzetlərdə işləyib, dünya miqyaslı idmançılardan müsahibələr alıb, Avropa və dünya çempionatlarını şərh edib. Qış və yay olimpiya oyunlarını ana dilində ilk dəfə Azərbaycanlı tamaşaçılara çatdırıb. Lakin dostları və həmkarları peşəkar xüsusiyyətlərindən daha çox, onun səmimi, sadə, ətrafındakı hər kəsə yardım əlini uzadan insan olduğunu vurğulamağı əsas bilirlər.

Rövşən Binnətlinin səsində Qarabağ həsrətinin duyulması təsadüfi deyil. Uşaqlıq dövründə Ağdamın futbol komandasının tərkibində “Sevinc” kuboku üzrə Azərbaycan çempionu olub.  Doğma torpaqların azadlığı uğrunda döyüşlərdə iştirak edən Rövşən Binnətli hələ də vətən həsrəti ilə yaşayır. Qarabağ müharibəsi veteranı olan jurnalist ilk yazısını məhz Ağdamda çıxan qəzetdə dərc etdirib.  Bu vaxta qədər işlədiyi hər yerdə yetirmələrinə bu vətənpərvərlik hissini gənc jurnalistlərə təlqin edir.

60 illik həyatı boyunca sadə həyat tərzini əsas tutan Rövşən Binnətlinin deyir ki, yaşadığı hər il və hər gün üçün özünə hesabat verir. Məhz bu yanaşmasına görə hansısa nailiyyətlərə nail ola bilib. Amma hələ yolun yarısında olduğunu hesab edir, deyir ki, görə biləcəyi işlər çox qalıb. Arzulara gəlincə isə, onun əsas arzusundan hər kəs xəbərdardır  – Ağdamın “İmarət” stadionundan reportaj vermək.

“Əlbəttə, böyük arenalardan reportajlar aparmaq hər bir şərhçinin əsas, ümdə arzularından biridir. Mənim də ürəyimdən çox böyük arenalardan reportaj vermək keçir. Amma mənim üçün sözün tam səmimi mənasında Marakana da, Lujniki də, Santyaqo Bernabeu da, Noukamp da - hamısı “İmarət”dir. Orda olmaq, ordan ölkəmizə, millətimizə, xalqımıza səslənmək istəyirəm”.

Bu arzu Rövşən Binnətlinin çalışdığı CBC Sport kanalında onun yubileyinə həsr olunmuş mərasimdə də səsləndi. Kanal rəhbərliyi, olimpiya çempionları, jurnalistlər və digər qonaqlar yubilyara hədiyyə təqdim etdilər, ən ümdə arzusunun reallaşmasını, Binnətlinin səsinin daha böyük arenalardan eşidilməsini dilədilər.

 


Create Account



Log In Your Account