Mar 04 2019 18:18
Views: 485

Sabirabad rayonunun Axısxa kənd sakinləri pay torpaqlarını birləşdirərək kooperativ yaradıblar. Bu, Azərbaycanda ilk toxum istehsalı kooperatividir. Yeni qurum “Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında yaradılıb.  “Sabirabad rayonu axısxalılar toxum istehsal kooperativi”nin təqdimatında kənd sakinlərinin planları açıqlanıb.

Kooperativ 231 ailəni birləşdirir, 750 hektarı əhatə edir. Gələcəkdə kooperativin ərazisinin daha da genişləndirilməsi planları var. Kooperativin fəaliyyəti nəticəsində toxumçuluq sahəsində məhsuldarlığın daha artacağı, daha keyfiyyətli məhsulun istehsal olunacağı gözlənilir. Dövlət tərəfindən göstərilən dəstək tədbirləri nəticəsində istehsal xərclərinin azalacağı, istehsal edilmiş məhsulun maya dəyərinin aşağı düşəcəyi də planlaşdırılır.

Azərbaycanda ilk kənd təsərrüfatı kooperativi ötən ilin noyabrında Sabirabad rayonunda yaradılıb. Rayonun Beşdəli və Yaxadəllək kəndində 680 torpaq mülkiyyətçisi birləşərək “Birlik” İstehsal Kooperativi yaradıblar. Kooperativin ümumi sahəsi 850 hektardır.  Gələcəkdə digər rayonlarda da kooperativlərin yaradılacağı gözlənilir.

 


Create Account



Log In Your Account