Sep 11 2019 20:12
Views: 310

Azərbaycan əsilli Britaniya sənətçisi Sami Yusufin İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı kompozisiyanı artıq “Youtube” kanalında yarım milyona yaxın insan izləyib. Müğənninin “Şur” muğamının ladları üzərində hazırladığı yeddi dəqiqəlik  əsər Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində təqdim olunub. Böyük marağa səbəb olan layihədə muğam ifaçısı Təyyar Bayramovun və aşıq Samirə Əliyevanın ifaları da diqqət çəkir.
Əməkdar artist Təyyar Bayramov CBC-yə açıqlamasında bildirib ki, layihədə iştirakla bağlı əvvəl oğlu təklif alıb. Daha sonra Sami Yusuf onun da səsini dinləyib və bəyəndiyi üçün layihəyə dəvət edib. Muğam ifaçısının sözlərinə görə, konsertin məşqləri çox gərgin keçib.
Bəstəni Azərbaycan musiqiçilərinin müşayiətilə xor kollektivi ifa edib. Burada milli musiqi alətlərimiz də yer alıb. Əsas üstünlük tar, kaman və balaban ifaçılarına verilib.
Layihədə iştirak edən kamança ifaçısı Toğrul Əsədullayev deyir ki, konsertdə Sami Yusufla 10-a yaxın kompozisiya təqdim edilib.  “Nəsimi” və digər bir neçə əsərdə əsas diqqət sırf kamançaya verilib.
Dünyaca məşhur sənətçi Sami Yusuf orkestrlə birgə təxminən 10 gün məşq edib. Layihə iştirakçısı, tarzən Sahib Paşazadə Azərbaycan əsilli müğənni ilə 2018-ci ildə Birləşmiş Ərən Əmirliklərində keçirilən konserti zamanı tanış olub. Dünyanın 10-dan çox ölkəsindən musiqiçilərin dəvət olunduğu konsertdə Azərbaycanı tar ifaçısı təmsil edib.
Kompozisiya ilə bağlı “İnstaqram”da paylaşım edən Sami Yusuf ““Nəsimi”ni təqdim etdiyimə görə çox xoşbəxtəm” yazıb: “Bu musiqi qəlbimə yaxındır və indiyədək olan ən yaxşı işlərimdən biridir. Burada yüksək enerjili səslər, çox istedadlı 57 nəfərlik orkestr və ovsunlayıcı vokalçılar çalışıb. Şeir sevgi və tolerantlığı əks etdirən 14-cü əsrdə Azərbaycanın əfsanəvi şairi olmuş Nəsiminindir”. 
Qeyd edək ki, layihə Nəsiminin 650 illik yubiliyi münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.


Create Account



Log In Your Account