Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyevanın anadan olmasının 120 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib. Sara xanımın keçdiyi həyat yolu, çəkdiyi məhrumiyyətlər haqqında danışılıb, muzeyin fondlarında ona aid qorunan zəngin sənədli materiallar nümayiş olunub. 1899-cu ildə, may ayının 20-də atasının mülkündə, muzeyin indiki binasında anadan olan Sara xanım sovet hakimiyyətinə qədər burda yaşayıb, burdan da son mənzilə yola salınıb. Sovet hakimiyyətinin ilk dövrlərindən etibarən Azərbaycanda sahibkarlara qarşı başlayan təqiblər Hacı Zeynalabdin Tağıyevdən də yan keçməyib. Bu qadağalara baxmayaraq, totalitar rejim dövründə Sara Tağıyeva həyatının böyük hissəsini atasının xeyriyəçilik əməllərinin tanıdılmasına həsr edib. Sara xanım atasının Azərbaycanın milli, mədəni inkişafındakı rolunu üzə çıxartmaq istəyirdi.
“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, ki, XIX əsrin sonunda rusdilli “Kaspi” qəzetinin milliləşməsində H.Z.Tağıyevin böyük rolu olub. Sara Tağıyevanın atasının xidmətlərini ortaya çıxarması üçün çalışdığını qeyd edən Sona Vəliyeva onun bədii obrazının yaradılmasının vacibliyini vurğulayıb.
Qeyd olundu ki, Sara xanımın bu fəaliyyətini, H.Z.Tağıyevin mirasını Azərbaycan xalqı heç vaxt unutmayacaq. Bildirildi ki, Sara xanım ana, ailəsinin xanımı olmasına baxmayaraq öz atasının adının təmizlənməsi uğrunda sonuna qədər mübarizə aparıb.
Çıxış edənlər Sara xanımla bağlı xatirələrini, onun öz atasının adını təmizləmək üçün göstərdiyi xidmətlərdən danışıblar.