Jun 12 2019 16:23
Views: 290

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başa çatıb. Son gündə təlimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Naxçıvanda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycanın Müdafiə naziri Zakir Həsənov  izləyib. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə raport verib.

İdarəetmə məntəqəsində əməliyyat taktiki təlimin planı diqqətə çatdırılıb. Bildirilib ki, təlimin keçirilməsində məqsəd qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətini koordinasiya etməkdən ibarətdir. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən təlimə 5 minə yaxın şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikası cəlb edilib.

Təlimin ssenarisinə əsasən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taborundan ayrılmış taktiki hava desantı müdafiəmizin yaxın dərinliyində yerləşən yüksəklik istiqamətində irəliləyən düşməni məhv etmək üçün vertolyotdan əraziyə endirilib. düşmənin kəşfiyyat qrupu aşkarlanaraq məhv edilib. Düşmənin hücum edən bölmələrinin tankları, zirehli texnikası və canlı qüvvəsi “T-90 S” tanklarının sərrast atəşi ilə zərərsizləşdirilib. Sonda Azərbaycan və Türkiyə dövlət bayraqları “SU-25” hücum təyyarələrinin və vertolyotların müşayiəti ilə döyüş meydanında nümayiş olunub.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar iki qardaş ölkə silahlı qüvvələrinin birgə fəaliyyəti olan “Sarsılmaz qardaşlıq-2019” təlimlərinin uğurla icra olunduğunu, qarşıya qoyulan məqsədlərə nail olunduğunu bildirib. Qeyd edib ki, bölgədə təhdidlərin artdığı bir zamanda ölkələrimizin təhlükəsizliyini təmin etməyin yeganə yolu güclü və mübariz orduya sahib olmaqdır.

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov bildirib ki, Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularındandır. Qardaş ölkə ilə olan milli bağlarımız ordu quruculuğu sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır. Nazir qeyd edib ki, birgə təlimlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, silahlı qüvvələrimiz hər bir vəzifəni birgə icra etməyə hazırdır və qadirdir.

Azərbaycan və TÜrkiyənin müdafiə nazirləri Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binasının açılışında da iştirak ediblər. , 44 mənzilli yaşayış binası 5 mərtəbədən və 3 girişdən ibarətdir. İki, üç və dördotaqlı mənzillərdə bütün kommunal-məişət şəraiti yaradılıb, fərdi istilik sistemi qurulub.


Create Account



Log In Your Account