Sep 16 2019 18:25
Views: 263

Husi qruplaşması “Saudi Aramco” dövlət neft şirkətinin xarici tərəfdaşlarına xəbərdarlıq edib. Husilərin sözçüsü Yahya Seri “Twitter” hesabı vasitəsilə dünyanın ən iri neft istehsalçısı və ixracatçısı olan Səudiyyə Ərəbistanının neft obyektlərinə hər an yenidən hücum edə biləcəklərini bildirib. Xatırladaq ki, dünyanın ən iri neft istehsalçısı və ixracatçısı olan Səudiyyə Ərəbistanının neft obyektlərində şənbə günü törədilmiş hücumlardan sonra hökumət 9,8 milyon barellik gündəlik hasilat həcmini 5,7 milyon barelədək azaltdıqlarını açıqlayıb. “Saudi Aramco” yalnız bu gün xammal tədarükünü bərpa etdiyini açıqlayıb. Bu hadisədən sonra dünya üzrə neft qiymətləri kəskin şəkildə artıb. Bu gün səhər saatlarında “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 71,62 dollara qədər bahalaşıb. Light  markalı neftin noyabr fyuçerslərinin qiyməti 63,47 dollara çatıb.

 

İqtisadçı ekspert Vüqar Bayramov bunu son illərdə dünya neft bazarında baş verən rekord qiymət artımı göstəricisi hesab edir. Onun fikrincə, bu hadisə neft buruqlarına hər hansı potensial hücumun ola biləcəyi ilə bağlı bazara ötürülən mesajdır. Artıq təkcə Səudiyyə Ərəbistanında deyil, o cümlədən digər neft ölkələrində enerji infrastrukturunun  təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilməlidir. Əgər bu hal təkrarlanarsa, neftin dünya bazarındakı qiymətlərində yenidən kəskin artım ola bilər.

 

Qeyd edək ki, ötən həftə ərzində dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti həftənin 1,57 ABŞ dolları və ya 2,46% artaraq orta hesabla 65,29 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici – 67,14 dollar – sentyabrın 10-da qeydə alınıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında neft infrastrukturuna edilən hücumlara görə, ABŞ İranı ittham edib. Rəsmi Tehran bu ittihmaları qəbul etməyib. “Saudi Aramco”ya edilən hücumla bağlı OPEC-dən açıqlama verilib. Bildirilib ki, Səudiyyə Ərəbistanında neft hasilatının azalması neft bazarı üçün fors-major vəziyyətə səbəb olmayacaq.

Rusiyanın energetika naziri Aleksandr Novak isə qeyd edib ki, “Saudi Aramco” şirkətinin müəssisələrinə dron hücumu dünyanın enerji təhlükəsizliyinə təsir göstərsə də, bunun nəticəsində hasilatın azalması ilə bağlı ortaya çıxan itkiləri örtmək üçün dünyada kifayət qədər neft ehtiyatları var.

 


Create Account



Log In Your Account