Sep 01 2018 18:54
Views: 584

Sentyabrın 1-i şəhid Əhməd Mehbalıyevin doğum günüdür. Yaşasaydı, 50 yaşını qeyd edəcəkdi. Ailə üzvləri, dostları, döyüş yoldaşları məzarı önünə toplaşaraq 25 yaşında Vətən uğrunda həlak olan şəhidin xatirəsini yad ediblər. Əhməd Mehbalıyev hələ uşaq yaşlarından zabit mundiri geyinmək arzusunda olub. Elə bu arzu da onu Cəmşid Naxşıvanski adına Hərbi Məktəbə gətirib. Daha sonra təhsilini Kazan Ali Tank Məktəbində davam etdirib. Kiyev və Moskvada tank qoşunları diviziyasında xidmət edib. Qarabağ müharibəsi başlayanda, doğma torpaqların müdafiəsində dayanmaq üçün Vətənə dönüb, Azərbaycan Milli Ordusunda baş leytenant kimi xidmət göstərib. Peşəkar zabit kimi çoxlu sayda əsgər yetişdirib. Qızğın döyüşlər zamanı öz təkidi ilə ön cəbhəyə yollanıb. Təcrübəli tankçı kimi torpaqların müdafiəsi uğrunda qəhrəmancasına vuruşub. Saysız erməni tankını sıradan çıxarıb.
Əhməd Mehbalıyev rota komandiri kimi Laçın, Qubadlı, Kəlbəcər, Tərtər bölgələrində gedən ağır döyüşlərdə iştirak edib. “Səbayel” tank taborunun həyata keçirdiyi ağır döyüşlərdə iştirak edib. Həmin taborun tədqiqatçısı, jurnalist Lalə Hüseynova öz qeydlərində yazır ki, 1991-ci ilin sonlarından 1992-ci ilin əvvəllərinədək taborun şəxsi heyəti Goranboy, Ağdam, Laçın və digər döyüş bölgələribdə ən ağır əməliyyatlarda iştirak edib. Bu döyüşlərdə taborun 20 döyüşçüsü qəhrəmancasına şəhid olub. Onlardan biri də 1993-cü il iyunun 26-da Qızıllı-Kəngərli uğrunda gedən döyüşlərdə həlak olan Əhməd Mehbalıyevdir - Artıq 25 ildir ki, həyat yoldaşının və qızı Firəngizin gözünü yolda qoyan cəsur döyüşçü...
Mahir tankçı Əhməd Mehbalıyev 1989-cu ildə leytenant, 1991-ci ildə baş leytenant rütbəsi alıb. 1994-cü ildə “Azərbaycan  Bayrağı” ordeninə layiq görülüb. Qaraçuxur qəsəbəsindəki “Gənclik” küçəsinə onun adı verilib.


Create Account



Log In Your Account