Feb 26 2019 14:19
Views: 557

“Həmin hadisələrdən sonra Xocalıya getdik. İnsanların qətlə yetirildiyi, alçaldıldığı və təhqir edildiyi yerlərdə olduq. Gördüklərimiz bizi dəhşətə gətirdi”. Bunu CBC-yə müsahibəsində ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin canlı şahidi olan Əsəd Fərəcov deyir. Onu Azərbaycanın Milli Qəhrəmanı, tanınmış telejurnalist Çingiz Mustafayevin Xocalıda lentə aldığı dəhşətli kadrlardan, qanlı fotolardan tanınıyırıq. Çingiz Mustafayev günahsız insanların meyitlərini lentə alanda, fonda Əsəd Fərəcəvun da ah-naləsi eşidilir.

Əsəd Fərəcov faciənin səhərisi gün silahsız insanları xilas etmək üçün bir neçə nəfərlə Xocalıya gedib. Dərələrə səpələnmiş meyitləri görəndə dəhşətə gəlib. Atışma başladığı üçün oranı tərk etmək məcburiyyətində qalıb. Bir neçə gün sonra faciənin miqyasını və dəhşətlərini dünyaya göstərmək üçün xarici jurnalistlərdən ibarət bir qrupu helikopterlə Xocalıya aparıb.

Müsahibimin sözlərinə görə, Azərbaycana gələn xarici jurnalistlərin bəziləri təxribat törətmək istəyib. Hətta əslində, azərbaycanlıların deyil, ermənilərin öldürüldüyünü deyənlər də vardı. Amma məsciddə sünnət olunmuş uşaq meyitlərini onlara göstərəndən sonra əsl həqiqəti öyrəniblər.

Rusiyada çalışan Əsəd Fərəcov Dağlıq Qarabağ münaqişəsi başlayanda vətənə qayıdıb. 1992-ci ilin əvvəllində könüllü olaraq Qarabağa gedib. Orada hərbi ekspert və hüquq şöbəsinin rəisi kimi fəaliyyət göstərib. Ermənilərin Xocalı şəhərində törətdikləri soyqırımı haqda eşidən kimi ora yollanıb. Erməni vəhşiliyinin dünyaya car çəkilməsində əvəzsiz rol oynayıb. Deyir ki, həmin gün Xocalıda gördüyü tükürpədici mənzərəni, eybəcər hala salınmış insan meyitlərini unuda bilmir. Xüsusən də, donmuş uşaq cəsədləri hələ də gözünün önündədir.

İndi İsraildə yaşayan Əsəd Fərəcov Xocalı soyqırımının bütün dünyada tanınması üçün əlindən gələni edir. Hər il fevralın 26-da İsrailin mərkəzində açılan Xocalı parkını ziyarət edir. Bu parkda Xocalıda qətlə yetirilən insanların sayı qədər – 613 ağac əkilib. Bu gün təkcə orada yaşayan azərbaycanlılar deyil, yəhudilər də Xocalı parkını ziyarət edir, faciə haqda məlumatlanırlar.


Create Account



Log In Your Account