Dec 14 2018 17:53
Views: 293

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların davam etdirilməsinə səmimi tərəfdardır". Bunu Bakıda jurnalistlərlə görüşü zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə münaqişənin nizamlanması prosesi ilə bağlı uzun və ətraflı söhbət etdiklərini diqqətə çatdırıb.

Lavrov Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin qısa görüşü, Milanda isə ATƏT Nazirlər Şurasının iclası çərçivəsində hər iki ölkənin xarici işlər nazirləriin görüşünün keçirildiyini xatirladib. Bildirib ki, bunlar Ermənistanda dekabr ayının 9-da keçirilmiş parlament seçkiləri ərəfəsinə təsadüf edirdi, artıq seçkilər başa çatdığından danışıqların yenilənməsi mümkündür.

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev   isə QDİƏT məkanındakı münaqişələrin regionun inkişafına mənfi təsir göstərdiyini vurğulayıb. Nazir müavini QDİƏT Xarici işlər nazirləri Şurasının 39-cu iclası ilə bağlı mətbuat konfransında çıxışı zamanı Avropa Parlamentinin qəbul etdiyi xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasət barədə qətnamə barədə də danışıb. Qeyd edib ki, bu qətnamə ilə Aİ Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycana məxsus olduğunu təsdiq edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə əlaqədar tərəflər arasında sonuncu görüş dekabrın 5-də Milanda baş tutub. ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən xarici işlər nazirləri həmsədrlərin iştirakı ilə görüşüblər. Görüşün yekununda qəbul edilmiş birgə bəyanata görə, növbəti görüşün 2019-cu ilin əvvəlində keçirilməsi razılaşdırılıb.


Create Account



Log In Your Account