Feb 11 2019 17:58
Views: 343

Ötən həftə dünyasını dəyişən tanınmış rus aktyoru Sergey Yurski ilə vida mərasimi Moskvada Mossovet teatrında keçirilib. Sergey Yurski 1978-ci ildən, əvvəlcə aktyor, daha sonra rejissor kimi bu teatrda çalışıb. Sergey Yurski  Azərbaycan kinosunda da unudulmaz obrazlar yaradıb. “Dərviş Parisi partladır”, “Qorxma mən səninləyəm”, “Şir evdən getdi” kimi məşhur filmlərdəkini rollarına görə,  Yurskini bu gün də Azərbaycanda sevgi ilə xatırlayırlar. Bu sevgi isə qarşılıqlı idi. Müsahibələrindən birində Yurski bildirirdi ki, həyatının ən çətin dönəmində Azərbaycandan təkliflər alıb. Heç bir teatr ona rol vermək istəmədiyi bir vaxtda Azərbaycanfilm kinostudiyasından gələn təkliflər aktyoru yenidən sənətə bağlayıb. “Bakı zamanında məni xilas edən şəhərdir. Mən bunu heç vaxt unutmayacam” – Sergey Yurski həyatının həmin dövrünü bu sözlərlə xatırlayırdı.

Sergey Yurski tamaşaçıların yaddaşında unudulmaz rolları ilə, onu tanıyanların xatirəsində isə belə yüksək insani keyfiyyətləri ilə qalıb. Görkəmli aktyor və rejissor bu il fevralın 8-də, Moskvada 84 yaşında dünyasını dəyişib. Yaxınları onun uzun müddət xəstəlikdən əziyyət çəkdiyini və ürək tutmasından vəfat etdiyini bildiriblər.   


Create Account



Log In Your Account