Oct 30 2019 20:07
Views: 211

SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin təqdimat mərasimi keçirilib. Yeni sistemi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi birgə hazırlayıb. Məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT-dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaqdır. Eləcə də, Şuranın fəaliyyətində şəffaflığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları sıfıra endirmək, qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdir.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun sözlərinə görə, yeni sistemin yaradılması bundan sonrakı dövrdə qrant verənlərin və alanların, həmçinin bu xidməti həyata keçirənlərin işini həm yüngülləşdirəcək, həm də şəffaflaşdıracaq. Vətəndaş məmnunluğunun təməlində onun sosial-iqtisadi və digər problemlərinin həlli, firəvan həyatının, təhlükəsizliyinin təmin olunması dayanır.
Milli Məclis sədrinin müavini Bahar Muradova SƏLİS-in əhəmiyyətindən danışdı. Bildirdi ki, QHT-lərin fəaliyyətində müəyyən narahatlıqlar var idi. Bə bu problemlərin aradan qaldırılması üçün mükəmməl elektron xidmət ortaya qoyulub.
Qeyd edildi ki, SƏLİS vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoyan innovativ tətbiqdir. Sistemə elektron ərizə, elektron müqavilə, elektron hesabat, qaynar xətt və digər proqramlar daxildir.

 


Create Account



Log In Your Account