Feb 09 2019 15:52
Views: 390

Qərbi Kaspi Universitetinin tələbələri Xseron süni intellekt modulunu proqramlaşdırıblar. Bu qurğuda bütün əməliyyatları süni intellekt idarə edir.

Radiodalğa ilə idarə edilən əlcək 6 təkərli robotu 1000 metrədək məsafədən yönləndirir, onun irəli-geri getməsi əlin hərəkəti ilə tənzimlənir.  Çoxfunksiyalı qurğunu mobil telefon üzərindən proqram təminatı əsasında da idarə etmək mümkündür.  Proqramı kodlaşdıran və onu hazırlayan universitetin 2-ci kurs tələbəsi Cəbrayıl Şahbazov deyir ki, robotun üzərində olan sensorlar vasitəsilə alovu, qaz sızmasını uzaq məsafədən müəyyən etməklə yanaşı, həm də real zaman kəsiyində məlumatları almaq imkanı yaranır. 

Gənclər indi robotun təkmilləşdirilməsi üzərində işləyir. Süni intellekt modulunun prototipində günəş panellərinin quraşdırılması planlaşdırılır ki, bundan sonra qurğu kəsintisiz enerji ilə təmin olunaraq davamlı işləyəcək. Eyni zamanda qurğunun üzərində robot qolun da quraşdırılması nəzərdə tutulur. Bu isə yanğın üzərinə kimyəvi maddələrdən hazırlanmış topu ataraq yanğını söndürəcək. Bunun üçün modulu drona çevirmək lazım gələcək. Modulun ideya müəllifi 11-ci sinif şagirdi Murad Eyvazzadə deyir ki, qurğunun əsas məqsədi fövqəladə hallarda insanın təhlükəsizliyinin təminatıdır.

Gənclər inanır ki, layihələri dünya bazarında növbəti 2-3 il ərzində öz yerini tuta biləcək. Ötən ilin sonunda Gənclər və İdman Nazirliyinin keçirdiyi yarışda ilk yerə çıxan layihənin yaradıcıları onu  fevralın 12-14-də keçiriləcək “Sabahın alimləri” respublika olimpiadasında göstərməyə hazırlaşır.

Qeyd edək ki, Qərbi Kaspi Universitetinin Texnoparkında işləyən tələbələrin layihəsi potensial alıcılara təklif ediləcək və ya müəllif pay sahibi kimi saxlanılmaqla investisiya cəlbi üçün köməklik göstəriləcək.


Create Account



Log In Your Account