Sep 21 2019 18:18
Views: 203

Sentyabrın 21-22-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib. SOCAR-ın tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov bu barədə CBC-yə məlumat verib. Bildirib ki, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb. Tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub.
"Hava və dəniz nəqliyyatları vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılıb. Mümkün fövqəladə vəziyyətlə əlaqədar mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-in yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir. Sentyabrın 22-si səhər saatlarında hava şəraitinin normallaşması gözlənilir».
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Məlumata görə, Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq. Nazirliyin məlumatına görə, dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb.

 


Create Account



Log In Your Account