Apr 24 2019 19:09
Views: 261

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 2019-cu ilin II rübündə inşa edilən və ötən ilin dekabr ayında istismara verilən yeni bitum qurğusu və maye qazdoldurma məntəqəsinin tam istehsalat gücündə işləyəcəyi gözlənilir. Bunu Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda Heydər Əliyev adına Neft Emalı Zavodunun mühəndislik şöbəsinin rəisi Baladadaş Zeynalov bildirib. Qeyd edib ki, bu il zavodun yenidənqurma və modernizasiyası layihəsi çərçivəsində A və B paketləri üzrə detallı mühəndislik işlərinin yekunlaşması, satınalmanın davam etdirilməsi, zavodun bu il üçün planlaşdırılmış təmirə dayandırılmasına hazırlıq işlərinin görülməsi planlaşdırılır. Ümumilikdə işlər 3 mərhələdə icra olunacaq.

Baladadaş Zeynalov qeyd edib ki, bu il illik istehsal gücü 7,5 milyon ton həcmində olması planlaşdırılan yeni neftin ilkin emalı qurğusunun dizayn və tikintisi üzrə EPC podratçının seçilməsi proseduru da həyata keçiriləcək.

Forumda SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin baş direktorun sərmayə və inkişaf üzrə müavini  Orxan Cəfərov də təqdimatla çıxış edib. O, istehsalat birliyində həyata keçirilən yenidənqurma işləri, eləcə də Etilen-Polietilen zavodu barədə məlumat verib.

Forumun bugünkü müzakirələrində əsasən emal və neft məhsulları istehsalı ilə bağlı məsələlər üstünlük təşkil edib. Bundan başqa neft-qaz bazarlarında vəziyyət, ixrac marşrutları, enejri bazarının inkişafında logistikanın rolu kimi mövzulara diqqət çəkilib. Foruma çox sayda əcnəbi mütəxəssis də qatılıb.

Qeyd edək ki, SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumu 2016-cı ildən keçirilir. Bu ilki foruma dünyanın 22 ölkəsindən 300 nümayəndə qatılıb. Sabah forum iştirakçıları SOCAR Karbamid, SOCAR Metanol, SOCAR Polimer müəssisələrinə və Səngəçaldakı neft terminalına baş çəkəcəklər.


Create Account



Log In Your Account