Nov 07 2019 15:32
Views: 143

SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Neft Daşlarının 70 illiyi ilə bağlı dünyanın açıq dənizdə tikilən ilk neft platformasında olublar. Şirkət rəhbərliyi Neft Daşlarının yenidənqurulmuş helikopter meydançası sərnişin gözləmə zalının açılışında iştirak edib,  Neft Daşlarının qurulmasında xidmətləri olan insanları yad edib, Ulu öndər Heydər Əliyevin abidəsinin, 1957-ci il noyabrında Neft Daşlarındakı faciə zamanı həlak olan neftçilərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhid neftçilərin xatirə komplekslərinin önünə güllər düzüblər. Həmçinin “Heydər Əliyev Muzeyi”nə, yenidən qurulmuş  stadiona, idman zalına və mədəniyyət evinə baxış keçirilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev istehsalat sahələrində çalışan həmkarları ilə görüşüb,Neft Daşlarının 70 illik yubileyi münasibəti ilə idarənin işçilərini  təbrik edib, ölkə başçısının apardığı islahat kursu çərçivəsində Şirkətin üzərinə düşən vəzifələrdən söz açıb. Neft Daşlarının strateji əhəmiyyətindən danışan  Rövnəq Abdullayev qeyd edib ki, Neft Daşları Azərbaycan neftçilərinin yaşlı nəslinin qiymətli yadigarıdır. Azərbaycanın neft tarixinin bir çox görkəmli şəxslərin həyat yolu Neft Daşlarından keçib. Azərbaycan neftçilərinin bir neçə nəsli burada yüksək səviyyəli mütəxəssis kimi püxtələşib, dəyərli təcrübə qazanıb. Özünün də istehsalat fəaliyyətinə Neft Daşlarında başladığını xatırladan SOCAR prezidenti burada çox dəyərli təcrübələr əldə etdiyini, etibarlı dostlar qazandığını deyib.

Rövnəq Abdullayev bildirib ki, 70 il istismarda olan Neft Daşları bu gün  özünün ikinci baharını yaşayır. SOCAR-ın ötən illərdə həyata keçirdiyi tədbirlər nəticəsində Neft Daşlarının hasilat səviyyəsi 20 faizdən çox artıb. SOCAR prezidenti və şirkətin digər rəhbər şəxsləri dəniz neftçiləri ilə birlikdə nahar ediblər.

Daha sonra SOCAR  rəhbərliyi Çilov adasına  baş çəkib, 2015-ci ildə təbii fəlakət nəticəsində həlak olmuş həmkarlarının abidəsi önünə çiçəklər qoyub, onların əziz xatirəsini ehtiramla yad ediblər.


Create Account



Log In Your Account