May 31 2019 17:57
Views: 1222

Dövlət Neft Şirkəti yeni süni intellekt layihəsini təqdim edib. “Aliyə” adlı yeni alət quyuların planlaşdırılmasında istifadə olunacaq . Neft və qaz hasilatında yüksək nəticələrin əldə olunması məqsədilə qazma mühəndisliyində süni zəka tətbiq olunur. “Aliyə” adlanan yeni alət əvvəl qazılmış quyulara dair məlumatlar əsasında bir neçə saniyə ərzində mürəkkəb analitik əməliyyatları yerinə yetirə bilir. Belə bir prosedur yalnız insan tərəfindən yerinə yetiriləndə bir aydan çox vaxt tələb edir.

Süni zəka aləti mühəndislik prinsipləri, quyuların layihələndirilməsi üzrə metodologiya və təcrübəni, habelə mürəkkəb məlumat bazasından istifadə edərək mühəndislərə tez və effektiv şəkildə bir neçə konseptual quyu konstruksiyası yaratmağa, həmçinin, layihələrin xərcləri və vaxtını planlaşdırmağa, əsas göstəriciləri ölçməyə və riskləri müəyyənləşdirməyə imkan verəcək.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bunu tammiqyaslı rəqəmsallaşmağa doğru ilk addım sayır:

“IBM ilə birlikdə biz yeni və maraqlı dövrün astanasındayıq. “Aliyə” əməliyyatlarımızın tammiqyaslı rəqəmsallaşmasına doğru atılan ilk addımdır. Biz neft-qaz sənayesinin bütün sahələrində apardığımız əməliyyatların rəqəmsallaşması üçün CIC ilə birlikdə, paralel olaraq, bir neçə layihə üzərində işləyirik”.

SOCAR və IBM gələcəkdə “İnnovativ Qaraj” layihəsi çərçivəsində yerin və dənizin təkində aparılan kəşfiyyat-hasilat əməliyyatlarında, quyularda, satınalma və təchizat zəncirinin idarə olunmasında və SOCAR-ın bir çox digər əməliyyat sahələrində süni zəka texnologiyasının tətbiqini və şirkətin mövcud rəqəmsallaşma strategiyası ilə uzlaşdırılmasını planlaşdırırlar.


Create Account



Log In Your Account