Sep 19 2019 19:13
Views: 219

“Son 25 ildə, bu ilin 8 ayı daxil olmaqla Azərbaycanda 740 milyon ton neft hasil edilib”. Bunu Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında energetika naziri Pərviz Şahbazov deyib. Bildirib ki, bu dövr ərzində ölkənin neft-qaz sektoruna 101 milyard dollar məbləğində investisiya qoyulub. Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan indiyədək 161 milyard kubmetr qaz və 492 milyon ton neft hasil edilib. Nazir ötən 25 ildə Azərbaycanda neft hasilatında sabitliyə, qaz hasilatında isə artıma nail olunduğunu vurğulayıb.

Azərbaycanın qaz ölkəsi kimi inkişafı enerji siyasətinin prioritet istiqamətlərindəndir. Ölkənin mövqeyini gücləndirən “Cənub Qaz Dəhlizi” ilə bağlı görülmüş işlər artıq öz nəticələrini verir. Bu ilin 8 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8% çox, yəni 23,1 milyard kubmetr qaz hasil olunub.

Elektroenergetika sektorunda da həyata keçirilən dövlət siyasəti nəticəsində ölkənin enerji təhlükəsizliyi tam təmin edilib. Cari ilin 8 ayı ərzində elektrik enerjisinin istehsalı təxminən, 15 milyard kilovatt-saatdan çox olub.

Pərviz Şahbazov Səudiyyə Ərəbistanın neft obyektlərinə edilən hücumların neft bazarına təsirini də şərh edib. Bildirib ki, bu çox ciddi hadisə olsa da, neft bazarına təsiri elə də böyük deyil. Əlavə edib ki, araşdırmalara görə, Səudiyyə Ərəbistanında baş verən hadisələr nəticəsində gündəlik hasilatın 5,7 milyon barel azalması neft sənayesinin tarixində ən böyük azalmadır. Ancaq Səudiyyə Ərəbistanının itirilən neft həcmlərinin ayın sonuna doğru bərpa ediləcəyi haqqında verdiyi bəyanatlara əsasən neftin qiyməti sabit qalır.


Create Account



Log In Your Account