May 26 2018 15:10
Views: 898

Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filminin təqdimatı olub. Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə hazırlanan ekran əsəri 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına həsr olunub. Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin kəşməkəşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva bildirib ki, yaradılmasının 100-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyət dövrü ölkəmizin tarixinin ən şərəfli səhifələrindən biridir.
“Bu gün təqdim olunan film Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs edir. Bu gün biz müstəqil, güclü, sürətlə inkişaf edən, dünya arenasında öz sözünü deyən Azərbaycanda yaşayırıq və öz tariximizlə fəxr edirik. Mən əminəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları bugünkü Azərbaycanla qürur duyardılar”. 
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz qeyd edib ki, filmdə müsəlman Şərqində ilk parlamentli respublikanın sonunu gətirən faciəvi hadisələr işıqlandırılıb. Qəri Counz vurğuladı ki, Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib. Şirkət Cümhuriyyətin 100 illiyinə həsr edilmiş belə bir filmin sponsoru olmaqdan şərəf hissi duyur.
“BP 25 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərir. O vaxtdan etibarən Azərbaycanın və BP-nin tarixi paralel hesab edilir. Biz özümüzü həmişə bu ölkənin vətəndaşı kimi hiss etmişik və layiqli korporativ vətəndaş olmağa çalışmışıq. Buna görə də bizim üçün Azərbaycanın tarixi irsini işıqlandırmağa töhfə vermək təbii bir haldır. Ümid edirik ki, bu işdə iştirakımız haqlı olaraq öz tarixləri ilə qürur duyan işçilərimizə, onların ailələrinə, həmvətənlərinə bir töhfə və təşəkkür rəmzidir”
Sonra “Son iclas” filmi nümayişi baş tutub. Ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan bu filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir. Ümumilikdə, bu film layihəsi üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Filmin texniki, eləcə də, yaradıcı heyəti yerli mütəxəssislər, peşəkar aktyorlardır. Filmin çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarət olub və filmdə 50-dən çox peşəkar aktyor çəkilib. Kütləvi səhnələrdə isə 500-ə yaxın insan iştirak edib. Ümumilikdə, film layihəsi üzərində 700 nəfərlik heyət işləyib. Bakı Media Mərkəzi mayın 26-dan filmi “CinemaPlus” kinoteatrlar şəbəkəsində 3 gün ödənişsiz nümayiş etdirəcək.


Create Account



Log In Your Account