Dec 19 2018 20:13
Views: 472

Son iki il ərzində 24 ixrac missiyası təşkil olunub. İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Sahibkarlar Konfederasiyasının V qurultayında belə deyib. Bildirib ki, ixracın təşviqi mexanizmi çərçivəsində yeni bazarların aşkarlanması istiqamətində işlər aparılır. Nazirin sözlərinə görə, gələn ilin əvvəllərində Azərbaycan üçün cəlbedici bazarlarda yeni  ticarət evlərinin yaradılması planlaşdırılır.
Şahin Mustafayev əlavə edib ki, dövlət kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli biznes və investisiya mühiti yaradıb. Bildirib ki, son illər aparılan islahatlar nəticəsində özəl sektorun, bilavasitə sahibkarlığın ÜDM-də payı 84%-ə yaxınlaşıb, məşğulluqdakı payı isə 76%-i ötüb. Sahibkarlar da son illər aparılan islahatların, eləcə də bu sahəyə dövlət dəstəyinin özəl sektora və biznes mühitinə müsbət təsirlərindən danışıblar.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  deyib ki, 2019-2030-cı illər üçün Azərbaycan respublikasının məşğulluq strategiyasının əsas hədəflərindən biri ölkədə kiçik, mikro və orta sahibkarlığın dəstəklənməsidir. Sosial vergilər sahəsində aparılan islahatların xüsusilə sahibkarlıq fəaliyyətinə müsbət təsirindən danışan nazir  bildirib ki, bu islahatlar işəgötürənlərin maliyyə yükünün azalmasına və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə imkan yaradacaq. Bununla yanaşı, növbəti ildən işəgötürənlərin əmək haqlarına çəkdiyi xərclər də  azaldılacaq.
Sahil Babayev 2016-cı ildən icra olunan özünüməşğulluq layihələrinə 7.737 nəfərin cəlb edildiyini deyib. Onun sözlərinə görə, proqramın icrası nəticəsində təkcə cari ildə ölkədə 7 minədək kiçik müəssisə yaradılıb ki, bu da bilavasitə kiçik sahibkarlığın inkişafına töhfədir.


Create Account



Log In Your Account