Jul 28 2018 14:28
Views: 519

Son yüz ilin ən uzunmüddətli Ay tutulması hadisəsi baş verib. Bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlayıb, saat 00:21-də maksimumda olub. Bu zaman Ayın səthi qırmızı rəngə bürünüb. Ona görə də bəzən buna “Qanlı Ay” deyirlər. Tam tutulma 02.19-da başa çatıb və Ayın səthi tam açılıb. Həmin saatlarda Mars-Yer qarşıdurması hadisəsi də baş verib. Yəni, Mars planeti də bu müddətdə Yerə daha çox yaxınlaşmış olub. Ay tutulması Azərbaycan ərazisində də müşahidə olunub. Bakıda parklarda insanlar bu prosesi maraqla izləyib. Ən çox izdiham isə Dənizkənarı Milli Park ərazisində quraşdırılmış teleskopların qarşısında yaşanıb.
Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu hadisəyə “İlin Ay tutulması” adı da verilib. Bu da onun daha uzun vaxt ərzində müşahidə edilməsilə bağlıdır. Bu təbiət hadisəsi dünyanın bir çox ölkələrində izlənilib. Qeyd edək ki, bu ilin ilk Ay tutulması yanvarın 31-də qeydə alınıb. Yer də Ay kimi Günəşdən əks tərəfə dogru kölgə salır. Ay Yer orbitində hərəkət edərkən bəzən Yerin kölgəsindən keçir. Bu proses Ay tutulması adlanır. Ay tutulması Bədirlənmiş Ay fazasında ya da Ay düyün nöqtələrinə yaxın olduğu vaxt baş verir. Ay Yerin kölgəsində daxil olarkən üzərinə Günəş tərəfindən birbaşa olaraq işığın düşməsinin qarşısı alınır. Ayın Yerin kölgəsinə daxil olmasına baxmayaraq, Günəş işığı Yerin atmosferində qırılaraq Ayın səthinə düşür. Ay bu səbəbdən Yerdən görünə bilir. İşıq Yer atmosferində qırıldığı üçün göy işıq udulur və Ayın səthinə qırmızı işıq çatır. Bu səbəbdən də Ay tutulma zamanı Yerdən üzərinə qırmızı kölgə düşmüş kimi görülür.


Create Account



Log In Your Account