Oct 02 2019 19:44
Views: 353

“Alıcılıq qabiliyyəti paritetinə görə, Azərbaycanda minimum əmək haqqı 595 ABŞ dollarıdır”. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. Onun sözlərinə görə, ABŞ-da orta hesabla 1 dollara alınan malı Azərbaycanda 25 sentə və yaxud 43 qəpiyə almaq olur. Bu il ölkədə maaşların aşağı həddi 2 mərhələdə artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Azərbaycanda minimum əmək haqqı ölkə üzrə yaşayış minimumunu 40% üstələyir. Bu artım ölkədə orta aylıq əmək haqqının da artımına göstərir və bu ilin sonuna qədər maaşların orta həddi təxminən 15 faiz artaraq 625 manata çatacaq.
Vüsal Qasımlı bildirib ki, sosial islahatlar paketinin digər istiqaməti əmək pensiyalarının artırılması ilə bağlıdır. Belə ki, ölkə başçısının sərəncamı ilə 2019-cu ilin birinci rübündə pensiyalar 40% artaraq 116 manatdan 160 manata qaldırılıb. Oktyabrın 1-dən ikinci sosial paket çərçivəsində isə bu göstərici 160 manatdan 200 manata qaldırılaraq 660 min təqaüdçünün sosial rifahının yaxşılaşdırılmasına gətirib çıxaracaq. Bu göstərici Ermənistandan 3,7, Gürcüstandan 2, Rusiyadan 1,3, Qazaxıstanın minimal pensiya göstəricisindən isə 1,1 dəfə çoxdur.
Vüsal Qasımlının sözlərinə görə, 2019-cu il ərzində əmək pensiyalarının 72% artımı 450 milyon manat maliyyə yükü ilə 750 min nəfəri əhatə edir. Qeyd olunub ki, 2019-cu ildə reallaşdırılmış inqilabi sosial islahatlar paketi minimum əmək haqqının, minimum pensiyanın, eyni zamanda, təqaüd və müavinətlərin artırılmasını, eləcə də problemli kreditlərin həllini özündə ehtiva edir. Bu islahatların maliyyə yükü 3,9 milyard manat olub və 4,2 milyon nəfəri əhatə edib.


Create Account



Log In Your Account