Feb 26 2019 14:09
Views: 297

Yasəmən Həsənova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımında hər iki valideynini itirən 25 uşaqdan biridir. Həmin vaxt 12 yaşı olan qızcığaz bir gecədə atası, anası da daxil olmaqla ümumilikdə 49 yaxınını itirib. Bütün həyatı alt-üst olan Yasəmən o gecədə nəinki böyüyüb, həm də Xocalıdakı xoşbəxt, qayğısız uşaqlıq xatirələri puç olub. Üzərindən 27 il ötməsinə baxmayaraq Yasəmən üçün həmin gecəni xatırlamaq ağrılıdır. Təqvimə qara hərflərlə yazılan 26 fevral günü uzun illərdir ki, Yasəmənin yuxularının kabusuna çevrilib. Xocalı hər tərəfdən blokadaya alındığından əhali suya, çörəyə belə möhtac qalıb. Əsgərana gedən yolun bağlanması isə Xocalı sakinlərinin ümidini kəsib.

Yasəmənin atası milli qəhrəman Tofiq Hüseynovu “Mixaylo” deyə çağırırdılar. Özünümüdafiə batalyonunun komandiri olan Tofiqə Xocalıda hamı inanırdı. Hər zaman atası ilə fəxr edən Yasəməni ən çox onu itirmək yandırıb. Uzun illər anasından xəbər ala bilməyən Yasəmən onun ermənilərə əsir düşdüyünü düşünürmüş. Amma illər sonra onun şəhid olmasını tam təsadüf nəticəsində öyrənib.

Xilas olmasını möcüzə hesab edən Yasəməni, bacısı və qardaşını əmisi himayəyə götürüb. Oxudub, böyüdüb. İllərdir ki, ermənilərin azərbaycanlılara düşmən kəsilməsinin səbəbini axtaran Yasəmənin həyatda yeganə arzusu ata-anasının uyuduğu torpaqlara dönməkdir. Deyir ki, illər keçsə də, o faciənin təsiri keçməyib, ümidi isə ölməyib.

Soyqırımında itirdiyi əksər doğmalarının məzarları belə olmayan Yasəmən xanım hər il fevralın 26-da yalnız  Şəhidlər Xiyabanında atasının qəbrini ziyarət edir. Və yalnız Xocalı işğaldan azad olunandan sonra mənən rahatlıq tapacağını deyir.


Create Account



Log In Your Account