Apr 18 2018 14:56
Views: 460

Keçmiş SSRİ rəhbəri İosif Stalinin məşhur yaxtası satılıb. Daha əvvəl Azərbaycandan da maraq göstərildiyi deyilən gəmini “Moskva Kanalı” adlı dövlət qurumu Moskva Çay Gəmiçiliyi  şirkətindən 350 min dollara alıb. “Maksim Qorki” adlı çay gəmisinin uzunluğu 69 metr, eni 13 metrdir. Teploxod saatda 30 kilometr sürət yığa bilir. Moskva Kanalının rəhbərliyi bildirib ki, gəmini muzeyə çevirmək qərarına gəliblər. İndiyədək gəmi restoran kimi istismar edilib.
Yaxta 1934-cü ildə Moskva Kanalının açılışı münasibətilə inşa edilib. Həmin vaxt onun açılışına SSRİ lideri İosif Stalin şəxsən qatılıb. Bundan sonra əhali gəmini “Stalinin yaxtası” adlandırmağa başlayıb. Onun göyərtəsinə 200 sərnişin sığır. Buna görə yaxta öz dövrünün ən böyük çay gəmilərindən biri sayılıb. Gəminin içərisində hər cür şəraiti olan vanna otağı, konfrans zalı, istirahət və yataq otaqları var. Gəminin interyerində 170 növ müxtəlif ağac materialından istifadə edilib.
Təhlükəsizlik məqsədilə gəminin qapıları olduqca dar, cəmi 40 santimetr enindədir. Məqsəd hər hansı fövqəladə hal olarsa, təhlükəsizlik əməkdaşlarının dərhal giriş-çıxışı bağlamasını təmin etməkdir. Bundan başqa konfrans zalının künclərində xüsusi güzgülərin yerləşdirilməsi də xüsusi xidmət əməkdaşlarının ətrafı nəzarətdə saxlaması üçün nəzərdə tutulub.
Yaxtanın başqa məşhur qonaqları Sovet İttifaqının digər rəhbərləri Leonid Brejnev və Nikita Xruşşov olub. Gəmi muzeyə çevrildikdən sonra Moskvanın Maksim Qorki parkının yaxınlığında lövbər salacaq. Bundan sonra Stalinin yaxtasına istənilən şəxs daxil olub, onunla tanış ola biləcək.


Create Account



Log In Your Account