Sep 25 2019 18:53
Views: 235

“SOCAR Türkiyə”nin Əliağadakı Xüsusi Sənaye Zonası statuslu ərazisində bir obyektin açılış, digərinin isə təməlqoyma mərasimi keçirilib. “SOCAR Türkiyə”nin törəməsi olan və ildə 10 milyon ton xam neft emal gücünə malik STAR neft emalı zavodunun xam neft və ara məhsul çənlərinin potensialını artıracaq layihəyə start verilib. Bu münasibətlə keçirilmiş mərasimdə iştirak edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev neft-qaz, emal və neft-kimya sektorlarında investisiyaların davam etdirildiyini bildirib. Qeyd edib ki, neft-kimya investisiyaları Azərbaycan iqtisadiyyatı üçün əlavə dəyər yaradaraq uzunmüddətli dayanıqlı gəlir mənbəyi təmin edir. Eyni zamanda həm bölgəyə, həm də Türkiyəyə böyük mənfəət gətirir. 

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov CBC-yə müsahibəsində bildirib ki, STAR neft emal zavodunda xam neft emalının  8 milyon tona çatacağı gözlənilir.

“SOCAR Depolama” terminalında çənlərin genişləndirilməsi layihəsi üzrə tikintiyə  2017-ci ildə başlanılıb. Obyekt dizel, benzin, təyyarə yanacağı və reformat məhsullarının saxlanılması üçün nəzərdə tutulub. “STAR neft emalı zavodunun xam neft və ara məhsul çənləri” layihəsi isə emal zavodunun anbar tutumunu artırmaqla yanaşı əməliyyat çevikliyini də təmin edəcək.

“SOCAR Depolama” terminalında çənlərin genişləndirilməsi layihəsi ümumilikdə 335 000 kubmetrlik tutuma malik 12 çəni əhatə edir. Yeni layihənin həyata keçirilməsi ilə hazırda Egey bölgəsinin ən böyük saxlama terminalı olan bu obyekt Türkiyənin 5 böyük terminalından birinə çevriləcək. Yeni investisiyalar “SOCAR Türkiyə”nin və müştərilərinin istifadə edəcəyi anbarların tutumunu 2,5 milyon kubmetrə çatdırmağa imkan verəcək.

 


Create Account



Log In Your Account