İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində biznesə yeni başlayan sahibkarların stimullaşdırılması üçün atıla biləcək addımlar, startaplara diqqət, güzəştli vergi rejimi və sair müzakirə olunub. Müzakirələr “Startap ekosistemi: çağırışlar, perspektivlər və həllər” mövzusunda ekonoton çərçivəsində keçirilib.
Ekonotonun təşkilində əsas məqsəd bu sahədə mövcud vəziyyətin təhlili və dəyərləndirilməsi, startap ekosisteminin inkişafı üçün yeni təkliflərin formalaşdırılmasıdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Beynəlxalq Bankı ilə birgə gənc sahibkarlara dəstək verəcək. Bununla əlaqədar iki tərəf arasında anlaşma memorandumu imzalanıb. Sənəd nağdsız ödənişlərin təşviqi, bazar araşdırmasının aparılması və sahibkarlar arasında ortaq layihələrin həyata keçirilməsi üçün müvafiq bank məhsularının yaradılmasını nəzərdə tutur.