Sep 13 2017 18:33
Views: 496

Ölkədə “Sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın əsas məqsədi bu sahədə dayanıqlı inkişafın təmin edilməsi, tələbatın yerli istehsal hesabına ödənilməsi, habelə ixrac imkanlarının genişləndirilməsidir. Bunun üçün
-      əkin sahələrinin və məhsuldarlığın artırılması,
-      toxumçuluq və tingçilik təsərrüfatlarının inkişafı
-      informasiya-məsləhət xidmətlərinin
-      kadr potensialının gücləndirilməsi
-      investisiyaların və ixracın təşviqi
-      zəruri infrastruktur və maliyyə resursları ilə təminat səviyyəsinin daha da yüksəldilməsi
-      suvarma sistemlərinin təkmilləşdirilməsi
istiqamətində tədbirlər görüləcək.
Prezident müvafiq qurumlara və icra hakimiyyətlərinə 12 rayonda çay, sitrus meyvələri və çəltik üçün əkinə yararlı torpaqlar ayrılmasını tapşırıb. Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirlikləri müvafiq rayonlar üzrə sitrus meyvələri, çay və çəltik istehsalının inkişafına dair proqramların layihələrini 3 ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir. Bu müddətdə çay və sitrus istehsalçılarına dəstək mexanizminin təkmilləşdirilməsi üçün təkliflər də hazırlanmalıdır. Mütəxəssislər hesab edir ki, bu sahədə əsas tədbirlərdən biri xarici bazarlara çıxmaq üçün marketinq tədqiqatlarıdır. Xüsusilə bu çəltiklə bağlıdır.
İqtisadçı Müslüm İbrahimov deyir ki, indi dünya bazarına çəltiklə çıxmaq çox çətindir: «Hamı öyrəşib konkret bir ölkənin brendinə. Azərbaycan çəltiyini istehlakçıya tanıtdırmaq lazımdır. Daha təmizdir, daha keyfiyyətlidir, kalorisi daha yüksəkdir, dadlılıq keyfiyyəti daha yaxşıdır. Bunun üçün daha böyük vəsait qoymaq lazımdır. Bunun üçün də müəyyən bir marketinq tədqiqatı aparıb nə qədər məqsədə uyğundur, nə qədər məqsədə uyğun deyil”. 
Çay ixracında isə vəziyyət bir qədər fərqlidir. Azərbaycan məhsulları artıq bir çox beynəlxalq sərgilərdə təqdim olunub və özünə müəyyən qədər şöhrət qazanıb. Əsas məsələ çay istehsalının artırılması, son məhsulun yerli xammaldan hazırlanmasıdır. İqtisadçı Müslüm İbrahimov bildirir ki, sitrus meyvəçiliyi Azərbaycanın böyük ixrac potensialına malik olduğu sahələrdən biridir. Bu, kənd təsərrüfatının spesifik sahəsidir.

Mütəxəssislər bildirir ki, Azərbaycanda istehsal olunan sitrus meyvələrinin bazar problemi də yoxdur. Ənənəvi ixrac ölkəsi olan Rusiyadan bu məhsullara böyük tələb var. Qeyd edək ki, prezidentin sərəncamına əsasən hər üç sahəyə güzəştli kreditlərin verilməsi, avadanlıqların lizinqi və satışının təşkili nəzərdə tutulur. Prezident Maliyyə Sabitliyi Şurasına aqrar sahədə sığortanın inkişaf etdirilməsi ilə bağlı tədbirləri sürətləndirməyi tapşırıb. Müvafiq qurumlar sərəncamın icrası ilə bağlı bu il dekabrın 15-dək dövlət başçısına məlumat verməlidir.


Create Account



Log In Your Account