Nov 19 2019 18:42
Views: 135

Bu rəngli, al-əlvan görüntülər Sumqayıtın 70 illiyi münasibətilə keçirilənn paraddandır. 1949-cu ildə şəhər statusu alan Sumqayıtda bu ilin ən böyük yubiley  tədbiri keçirilib. Tədbirdə rəsmi şəxslər, millət vəkilləri, xarici ölkə səfirliklərinin və Sumqayıtla qardaşlaşmış şəhərlərin nümayəndələri, eləcə də minlərlə sakin iştirak edib. Yubiley tədbirinə səhər saatlarından Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında, Azərbaycan prospektindən start verilib.

Bayram tədbiri meydana bayrağın gətirilməsi ilə başlayıb. Azərbaycanın hərbi gücünün, qüdrətini nümayiş etdirən hərbi texnikaların, eləcə də ayrı -ayrı hərbi qoşun birliklərinin keçidi olub. Qarabağ atlarının nümayişi şəhər sakinlərində maraq doğurub. Kiçikdən böyüyə hər kəs şəhər günü ilə bağlı keçirilən böyük tədbirin izləyicisi olmağa tələsib.  Sumqayıtın quruculuğunda rolu olanlar,  o cümlədən taleyi bu şəhərlə bağlı olanlar üçün bu anlara şahidlik etmək qürurvericidir.

Sumqayıtda yerləşən  sənaye müəssisələrinin keçidi təhsil müəssisələri ilə əvəzlənib. Balacaların rəngarəng keçidi xüsusi marağa səbəb olub. Parad iştirakçıları ilə yanaşı izləyənlərin də sırasında ən müxtəlif yaş kateqoriyasından olan şəhər sakinləri olub.

Şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar öz kollektivləri ilə bayram əhval-ruhiyyəsində keçid ediblər. Bu tarixi anlara şahid olmağın qürurunu yaşayanlar sırasında parad iştirakçıları da az deyil.

Sumqayıtın yaranması tarixi Abşeron yarımadasında İstilik Elektrik Stansiyasının inşası ilə bağlı olub. Belə ki,  Abşeron yarımadasının şimal-qərbində , Bakının 30-35 kilometrliyində stansiya üçün yer ayrılır. 1938-ci ildə burda fəhlələr üçün taxtadan ilk baraklar quraşdırılır. Bu, Sumqayıtın ilk yaşayış məntəqəsi olur. Son illərdə gerçəkləşdirilən layihələr  Sumqayıtın “sənaye şəhəri” statusunu yenidən özünə qaytarıb. Şəhər  əhalisi də bu illər ərzində artaraq yarım milyona çatıb. Qeyd edək ki, prezident İlham Əliyev bu ilin əvvəlində Sumqayıtın 70 illik yubileyinin ölkə üzrə geniş şəkildə qeyd olunması haqqında sərəncam imzalayıb.    


Create Account



Log In Your Account