Sep 08 2018 18:31
Views: 532

Sentyabrın 27-dən 30-na kimi Azərbaycanda möhtəşəm söz və incəsənət bayramı keçiriləcək. Bu dəfə söz ustadları və musiqi biliciləri dahi Nəsiminin poeziyasının işığına toplaşacaqlar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq festivala hazırlıqlar davam edir. Festival çərçivəsində fiziki məhdudiyyətli insanlar da çıxış edəcəklər.
DanceAbility - peşəkarlardan tutmuş, həvəskar rəqqaslara qədər hər kəs üçün əlçatan olan unikal rəqs metodikasıdır. Rəqsin əsasını xüsusi təlimlər təşkil edir. Hər bir rəqs şüurun təmizlənməsindən, özünə qayıdışdan başlayır və tədrciən meditasiyaya keçir. Saat yarım ərzində inkluziv rəqs ifaçıları 3 müxtəlif tapşırıq həyata keçirir.
İnklüziv rəqs pedaqoqu Nigar Sultanova  bildirir ki, burada tapşırıqlar oyun kimi həyata keçirilir. İştirakçılar qruplara bölünür və onlara müəyyən tapşırıqlar verilir: «Bu  təlimi mən ailə adlandırıam, hər iştirakçı bir ailəyə düşür və hərəkətlər vasitəsilə bir-birilə tanış olur, bu ilk görüş sözlər olmadan baş tutur. Beləcə insanlar bir-birini daha yaxından tanıyır. Dərsin sonunda biz oturub öz təəssüratlarımız bölüşürük”. 
Metodun unikallığı ondadır ki, fərqli peşələrdən, həyat tərzindən olan insanlar bir-birilərini ilk dəfə görüb sözlər olmadan, yalnız hərəkətlər vasitəsilə tanış olurlar. İnklüziv dərslərin köməyilə onlar eyni məkanı bölüşürlər. Rəqs zamanı bir-birilərini anlamağa və hiss etməyə başlayırlar.
İnklüziv rəqs ifaçısı Mahur Sultanovaya görə, bu metodikanın fərqliliyi insan problemlərini, hətta yaşını belə unudub, rəqsə köklənməsindədir: “Burada hansısa bir elementi yadda saxlamağa ehtiyac yoxdur. Rəqsin rəhbəri öz nəzəriyyəsi ilə sanki, səni istiqamətləndirir, “hərəkətlərimi təkrar elə” demir. Bu, mənim üçün yenilikdir”. 
İnklüziv rəqs ifaçılarının sözlərinə görə, bu metodika həm də fiziki məhdudiyytəli insanlar üçün də faydalıdır. Bu rəqs cəmiyyətə fəal inteqrasiya etməyə kömək olur.
İnklüziv rəqs üzrə məşqlər Bakı İncəsənət Muzeyində keçirilir. Proqram iştirakçıları sentyabrın 29-da Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində dənizkənarı parkda çıxış edəcəklər.


Create Account



Log In Your Account