Apr 25 2019 19:12
Views: 1061

Bu gün Azərbaycanda informasiya texnologiyaları sahəsində çalışanların 1/5-dən çoxu qadınlardır. Bu barədə “Qadınlar İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş respublika elmi-praktiki konfransında məlumat verilib. Qeyd olunub ki, son dövrlər elm sahəsində çalışan qadınların sayında artım var,  o cümlədən İKT sahəsi ilə bağlı olan peşələrdə qadınlarının rolu yüksəlir. Bu tendensiya Azərbaycanda da özünü qabarıq şəkildə göstərir. 2018-ci ildə Azərbaycanda texniki elmlər sahəsində çalışanların 53 faizini qadınlar, 47 faizini isə kişilər təşkil edib. 

İnformasiya Texnologiyaları İnstitutununda 2008-ci ildən aparılan tədqiqatlar gender problemlərinin həllində İKT-nin rolunun araşdırılmasına yönəldilib. Nəticədə məlum olub ki, gender stereotiplərinin mövcud olması bu sahədə sonradan müəyyən təzadlarla nəticələnir. Statistikaya görə, dünya üzrə İT sahəsi ilə məşğul olan 10 milyona yaxın insanın yalnız 30%-i qadınlardır. Bu sektor hər il 120 min yeni iş yerinin yaranmasına təkan verir ki, bu da nəticədə 2020-ci ildə 900 min ixtisaslı kadr çatışmazlığı ilə nəticələnəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, əsas məsələ gender fərqlərinin öyrənilməsi ilə əlaqəlidir. Bildirilib ki, İKT  qadınların elmi yaradıcılığının inkişafı və müxtəlif peşələrə yiyələnməsi baxımından geniş imkanlar açır.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının 2011-ci ildə təsis etdiyi “Qadınlar İKT-də Beynəlxalq Günü” hər il aprelin son həftəsinin cümə axşamı keçirilir. Əsas məqsəd gənc qadınların İKT sahəsinə cəlbi, onları bu sahəyə gəlməyə stimullaşdırmaq və peşə yönümündə seçim etməyə yardım göstərməkdir.


Create Account



Log In Your Account