Mar 05 2019 14:55
Views: 265

“Hacı Zeynalabdin Tağıyevin heykəli üçün 5 ərazi seçilib və Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilib”. Bunu CBC-yə müsahibəsində əməkdar artist Bəhram Bağırzadə bildirib. O, bu məsələni birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşdə də müzakirə etdiyini deyib.  Heykəlin konkret harada yerləşəcəyi və hansı formada olacağı ilə bağlı son qərarı xüsusi yaradılmış komissiya verəcək və heykəltəraşlar arasında müsabiqə keçiriləcək.

Əməkdar artistin sözlərinə görə, Bakının ən gözəl memarlıq nümunələrini inşa etdirən, şəhər infrastrukturunun inkişafında böyük rolu olan xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirəsinin ədəbiləşdirilməsini milyonlarla insan istəyir.

Xatırladaq ki, Hacı Zeynalabdın Tağıyevin abidəsinin ucaldılması təklifini əməkdar artist Bəhram Bağırzadə prezident İlham Əliyevin bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşündə səsləndirib. Dövlət başçısı da bu təklifi bəyənib və onun həyata keçiriləcəyini bildirib. Prezident İlham Əliyev hətta babası Əziz Əliyevin ali təhsil almasındakı Hacı Zeynalabdin Tağıyevin böyük rolu olduğunu qeyd edib. 

Azərbaycan tarixində özünün xeyriyyəçiliyi və səxavəti ilə qalan Hacı Zeynalabdin Tağıyev kiçik yaşlarından bənnalıq edib. Aldığı pay aldığı torpaqlarda ilk neftin çıxarılması ilə zəngin iş adamına çevrilən Tağıyev heç vaxt xalqdan uzaqlaşmır. Bakının mərkəzində bir çox binalar inşa etdirir, qızlar gimnaziyası açdırır. Bakıya Şollar suyunun çəkdirilməsi, çox sayda azərbaycanlı gəncin xaricdə təhsil alması məhz onun adı ilə bağlıdır.


Create Account



Log In Your Account