Dec 02 2019 16:47
Views: 221

Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılışı tarixi hadisədir. Enerji məsələləri üzrə ekspert Emin Axundzadə bu fikirdədir. Onun sözlərinə görə, TANAP və Cənub Qaz Dəhlizi üzərindən ötürülən qaz həcminin 16 milyard kubmetrədək artırılması nəzərdə tutulub. Gələcəkdə boru kəməri ilə ötürülən qaz həcminin artırılması üçün əlavə kompressor stansiyalarının tikintisi nəzərdə tutulub. Ümumilikdə 5 kompressor stansiyasının tikilməsi ilkin proqnozlara görə, 3 milyard dollara başa gələcək. 2026-cı ildə TANAP boru kəmərinin qazötürücü gücünün 31 milyard kubmetrədək çatdırılması hədəflənir. SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəisi İbrahim Əhmədov deyir ki, TANAP boru kəməri üzərindən indiyə qədər Türkiyə bazarına 3 milyard kub metrdən çox qaz nəql olunub. Kəmər Azərbaycan və Dövlət Neft Şirkətinin nəinki ölkədə, xaricdə də enerji layihələrini vaxtında və yüksək səviyyədə həyata keçirməyə qadir olduğunu sübut edir. Layihə Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi. Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Prezident İlham Əliyev açılış mərasimində çıxışı zamanı layihənin əhəmiyyətini belə dəyərləndirib. Bildirib ki, bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur. Dövlət başçısı qeyd edib ki, TANAP əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir. Yəni, bu layihələrə, sadəcə olaraq, enerji layihələri kimi baxmaq düzgün olmaz. Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin birinci mərhələsinin rəsmi açılış mərasimi olub. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb.


Create Account



Log In Your Account