Jun 18 2019 19:36
Views: 1048
TANAP qaz kəmərində bütün işlər bu ayın sonu-gələn ayın əvvəllərində tamamlanacaq. Bununla da TANAP Azərbaycan qazını Avropaya nəql etməyə tam hazır olacaq. Bunu CBC-yə açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. İyunun 15-də TANAP vasitəsilə Azərbaycan qazının Avropa sərhədinə çatdırıldığını xatırladan SOCAR rəsmisi bildirib ki, söhbət sınaq məqsədilə kəmərə vurulan texniki qazdan gedir. İbrahim Əhmədov Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP kəmərində də işlərin qrafikə uyğun irəlilədiyini qeyd edib.
TAP-ın Yunanıstan və Albaniya hissəsində də işlər qrafika uyğun gedir. Gələn il bu kəmər vasitəsilə Azərbaycan qazı ilk dəfə olaraq birbaşa Avropaya nəql olunacaq. Xatırladaq ki, TANAP qaz kəmərinin açılışı ötən il iyunun 12-də Türkiyənin Əskişəhər bölgəsində olub. Ötən bir il ərzində artıq boru kəməri vasitəsilə Türkiyəyə 1.8 milyard kubmetr mavi yanacaq nəql olunub. 1850 kilometr uzunluğu olan TANAP kəmərinin Türkiyə ərazisi boyu keçdiyi bölgələrdə müxtəlif sosial layihələr də icra olunur ki, bu qardaş ölkədə böyük rəğbətlə qarşılanır. Bu çərçivədə daha bir layihə bir neçə gün əvvəl TANAP-ın Avropa sərhədinə çatdığı yerdə - Ədirnədə baş tutub. Saros körfəzində nəhəng sərnişin gəmisi batırılıb. Bu, qeyri-adi layihənin özünəməxsus məqsədləri var.
Airbus A330 tipli sərnişin təyyarəsi 1995-ci ildən istifadədə olub və keçən il istismar müddətini başa vurub. Üzərində TANAP yazılan hava gəmisi indi dünyanın ən böyük batmış təyyarəsidir. Bu, TANAP konsorsiumunun Ədirnənin turizm potensialının artırılmasına verdiyi önəmli töhfədir. Bu günlərdə SOCAR-ın Türkiyədəki biznesi bir qədər də genişlənib.Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisəsi “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” ve “Millenicom”un “SOCAR Turkey Enerji A.Ş.”yə satışı tamamlanıb. Bununla bağlı imzalanma mərasi olub. 
 

Create Account



Log In Your Account