Nov 30 2019 15:26
Views: 240

Bu gün Türkiyənin Ədirnə vilayətinin İpsala rayonunda Şahdəniz yatağından hasil olan Azərbaycan qazını Türkiyə və Avropaya çatdıracaq Cənub Qaz Dəhlizi tarixində önəmli hadisə yaşanacaq – Trans-Anadolu qaz kəmərinin ikinci hissəsi - Faza-1 istismara veriləcək. Bununla da TANAP qaz kəməri ilə TAP boru xətti bir-birinə bağlanacaq. Bu münasibətlə İpsalanın Sarıcaalı kəndində yerləşən MS4 ölçmə stansiyasında təntənəli mərasim keçiriləcək. tədbirdə Azərbaycan və Türkiyə liderləri də daxil olmaqla bir çox ölkənin dövlət və hökumət başçısının iştirakı gözlənilir. Xatırladaq ki, TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsinin açılışı 2018-ci il iyunun 12-də keçirilib. iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın ötürülməsi başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, bu ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. İndi TANAP Avropaya qazın nəqli üçün tam hazır vəziyyətə gətirilib. Bir neçə gün əvvəl TAP kəmərinin Yunanıstan hissəsində 2 kilometrlik hissədə boru xəttinə sınaq məqsədilə mavi yanacaq vurulmasına başlanıb. TAP vasitəsilə kommersiya qazının gələn ilin ikinci yarısında nəql edilməsi planlaşdırılır. 1850 kilometr uzunluğa malik TANAP Türkiyə, Yaxın Şərq və Avropada ən uzun, eyni zamanda ən geniş boru xəttidir. Kəmər Türkiyə-Gürcüstan sərhədində Ardahanın Posof rayonundan başlayır və ölkənin 20 vilayətindən, 67 rayonundan keçərək Ədirnənin İpsala rayonunda Yunanıstan sərhədində TAP-a birləşir. Ümumilikdə ilkin mərhələdə kəmərlə 16 milyard kubmetr qaz nəqli nəzərdə tutulur ki, bunun 10 milyardı Avropa, 6 milyardı Türkiyə bazarlarına tədarük olunacaq. Gələcəkdə bu imkanların iki dəfəyə qədər artırılması mümkündür.


Create Account



Log In Your Account