Nov 29 2019 16:22
Views: 196

TANAP boru kəmərinin ikinci fazasının işə düşməsi Azərbaycan qazının Xəzər hövzəsindən birbaşa Avropaya ötürülməsi baxımından tarixi hadisədir. SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəisi İbrahim Əhmədov bu fikirdədir. TANAP boru kəmərinin ikinci fazasının  noyabrın 30-da istifadəyə verilməsi nəzərdə tutulub.  İbrahim Əhmədov deyir ki, ikinci fazanın açılışı Azərbaycan qazının Türkiyə bazarı üzərindən Avropaya nəqli üçün önəmlidir. Layihə üzrə işlər zamanında başa çatdırılıb.

TANAP boru kəməri üzərindən indiyə qədər Türkiyə bazarına 3 milyard kub metrdən çox qaz nəql olunub. TANAP və Cənub Qaz Dəhlizi üzərindən ötürülən qaz həcminin 16 milyard kubmetrədək artırılması nəzərdə tutulub. Planda əlavə maliyyə mənbələrinin cəlbi ilə müvafiq infrastruktur imkanlarının yaradılmasından sonra ötürülən mavi yanacağın həcminin ikiqat artırılması var.

İbrahim Əhmədov deyir ki,  TANAP boru kəməri Azərbaycan və Dövlət Neft Şirkətinin nəinki Azərbaycanda, xaricdə də enerji layihələrini vaxtında və yüksək səviyyədə həyata keçirməyə qadir olduğunu sübut edir. TANAP boru kəmərini idarə edən tərəf olaraq Azərbaycan xərclərə təxminən 45%-ə qədər, başqa sözlə 5 milyard dollar qənaət edib. Bununla da Cənub Qaz Dəhlizinə nəzərdə tutulduğu kimi, 45 milyard dollar deyil,  40 milyard dollar xərclənib.  Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin birinci mərhələsinin rəsmi  açılış mərasimi olub. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb.


Create Account



Log In Your Account