Sep 20 2019 18:50
Views: 224

1994-cü ilin bu günündə Gülüstan sarayında tarixi hadisə baş tutdu. Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında ““Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü haqqında” saziş imzalandı. “Əsrin müqaviləsi”ndə 8 ölkənin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının 13 neft şirkəti iştirak edib. Beləliklə, milli lider Heydər Əliyevin uzaqgörənliyi və böyük siyasi təcrübəsi sayəsində müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyuldu.

Bundan sonrakı hədəf isə hasil olunan qara qızılın ixracı idi. Bu məsələnin də öhdəsindən uğurla gəlindi. Azəri-Çıraq-Günəşli yatağından çıxan neftin ixracı üçün Bakı-Supsa neft kəməri inşa edildi. 2002-ci ildə Heydər Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməli qoyuldu. 2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Hazırda BTC nəinki respublika və region, eyni zamanda beynəlxalq səviyyədə də mühüm əhəmiyyət kəsb edən layihə sayılır.

Bakı-Tbilisi-Ceyhan kəmərinin inşası ilə Azərbaycan bir neçə məsələni eyni anda həll etmiş oldu. Bir tərəfdən ixrac marşrutlarının şaxələndirilməsi ilə mümkün risklər aradan qaldırıldı, digər tərəfdən digər xammal növlərinə qarışmadan bazara çıxan daha yüksək keyfiyyətə malik Azərbaycan neftinin dəyəri artdı. Dünya bazarı yeni, daha keyfiyyətli xammal növü ilə tanış oldu.

2017-ci il sentyabrın 14-də Bakıda növbəti saziş imzalanıb. Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yataqlar blokunun və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini nəzərdə tutan və neft hasilatının pay bölgüsü haqqında sazişə düzəliş edilib və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Bununla da AÇG nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanıb. Müddəti 2024-cü ildə bitməli olan “Azəri-Çıraq-Günəşli”sazişi 2049-cu ilin sonunadək uzadılıb. Amma Əsrin müqaviləsinin ömrü daha uzun ola bilər.


Create Account



Log In Your Account