Feb 04 2019 18:12
Views: 952

“Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu binanın bərpa olunacağı xəbərinə sevindik. Çünki bu bina bizim üçün böyük əhəmiyyətə malikdir”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi Rəşad Rüstəmov CBC-yə açıqlamasında bildirib. O, Tbilisi İnkişaf Fondunun binanın təmiri və bərpası ilə bağlı tender elan etməsini müsbət qiymətləndirib. Qeyd edib ki, 1918-ci il mayın 28-də məhz bu binada AXC-nin müstəqillik bəyannaməsi oxunub. Şərqdə ilk demokratik respublikanın yaradıldığı rəsmən elan olunub.

AXC xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü Tarix İnstitutu tərəfindən geniş tədqiq edilir. Bu dövrlə bağlı ötən il kitab da buraxılıb. Azərbaycan, rus və gürcü dilində nəşr edilən kitab AXC-nin 100 illik yubileyinə həsr olunub.

Gürcüstanın paytaxtında yerləşən tarixi bina hazırda “Gənclər sarayı” kimi fəaliyyət göstərir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına şahidlik edən tikili Tbilisinin mərkəzi Rustaveli prospekti, 6 ünvanında yerləşir. Binada AXC-nin elan edildiyi zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib.

Binanın təmir və bərpası üçün təqribən 227 min dollar vəsait nəzərdə tutulub. Müsabiqədə iştirak etmək istəyən şirkət mədəni irs abidələrinin bərpasında böyük təcrübəyə malik olmalıdır. Qalib gələcək şirkət bu il dekabrın 10-dək Tbilisi İnkişaf Fonduna hazır layihə təqdim etməlidir.

 


Create Account



Log In Your Account