Mar 06 2019 18:47
Views: 315

“Azərbaycan və Türkiyə arasında ilk yüksək səviyyəli səfərlərin qarşılıqlı şəkildə həyata keçirilməsi adət-ənənə xarakteri daşıyır”. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə belə deyib. Bildirib ki, bu, iki ölkənin qardaşlığının və dostluğunun bariz nümunəsidir. Dövlət başçısı Mustafa Şentopun parlament sədri kimi ilk xarici səfərini Azərbaycana etməsini məmnunluqla qeyd edib. Azərbaycan ilə Türkiyə arasında tərəfdaşlığın bu gün yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini deyən prezident İlham Əliyev ölkələrimizin üçtərəfli və dördtərəfli regional formatlarda da əməkdaşlığını vurğulayıb. Türkiyə Böyük Milət Məclisinin sədri jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti ilə görüşündə bir sıra məsələləri müzakirə etdiklərini deyib.

Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədovla də görüşüb. Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin yüksək strateji əməkdaşlıq səviyyəsində olduğu vurğulanıb. Bildirilib ki, münasibətlərin bu cür inkişaf etməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük rolu var. Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, ötən dövr ərzində iki ölkə arasında 230-a yaxın sənəd imzalanıb, 30 sənəd isə hazırlanma mərhələsindədir. Mustafa Şentop Azərbaycanın Türkiyə üçün ən etibarlı strateji tərəfdaş olduğunu deyib. Onun sözlərinə görə, Türkiyə bütün məsələlərdə, eləcə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycanın yanında olacaq.

Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti Türkdilli Dövlətlərin Parlament Assambleyasında da olub. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təmsil olunduğu təşkilatın fəaliyyəti, gördüyü işlər, nəzərdə tutulmuş planları və beynəlxalq əməkdaşlığı barədə məlumatlandırılıb. Türkiyə Böyük Millət Məclisinin sədri Fəxri xiyabanda milli lider Heydər Əliyevin xatirəsini də yad edib. Eləcə də, Şəhidlər xiyabanını və buradakı qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.


Create Account



Log In Your Account