Mar 12 2018 18:31
Views: 485

Ötən ilin fevralından dekabradək Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında tətbiq olunan telesəhiyyə sistemi vasitəsilə 320 pasiyentə məsafədən məsləhət verilib. Bunu Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Calalov Respublika Kliniki Xəstəxanasında telesəhiyyə sisteminin tətbiqinin 1 illiyinə həsr olunmuş mətbuat konfransında bildirdi. 
Mərkəzi tibb müəssisələrinin ixtisaslaşmış həkimlərinin bölgələrdə fəaliyyət göstərən həkimlərə və xəstələrə videobağlantılar vasitəsilə konsultasiyalarını  nəzərdə tutan bu sistem vasitəsilə həkimlərin canlı olaraq xəstəyə baxıb tövsiyyələrini birbaşa vermək imkanı olur. Telesəhiyyə məsləhəti əsasında ixtisaslı həkimlər 105 dəfə regionlara göndərilib və nəticədə 79 pasiyent Bakıdakı tibb müəssisələrinə köçülürüb. Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Calalov deyir ki, ən çox məsləhət reanimasiya, neyrocərrahiyyə və nevrologiya ixtisası üzrə mütəxəssislər tərəfindən aparılıb. Onun sözlərinə görə, bu ilin ilk iki ayında ilkin tibbi yardım çağırışlarının 40%-I telesəhiyyənin payına düşüb.
Baş həkimin sözlərinə görə, telesəhiyyə vasitəsilə ən çox Zaqatala rayonundakı xəstələrə məsləhətlər verilib. Eyni zamanda cəbhə zonasında yerləşən rayon mərkəzi xəstəxanalarının 18 xəstəsinə tövsiyyələr verilib. Mirələm Calalov deyib ki, bu il stansiya qarşısında telesəhiyyə xidmətinin daha da təkmilləşdirilməsi məsələsi dayanır. Bunun üçün ölkə üzrə 12 regional tibb məntəqəsinin təcili tibbi yardım maşınlarına kameralar quraşdırılacaq. Bununla da kütləvi hadisələr və hansısa ağır yol qəzası olanda dispetçer hadisənin vacibliyini yoxlayacaq və ona uyğun olaraq yaxınlıqdakı məntəqələrdən əlavə hazır həkim briqadası göndəriləcək.


Create Account



Log In Your Account