Oct 05 2019 19:53
Views: 596

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi olmaqla Teymur Rəcəbov Azərbaycanın şahmat tarixinə adını qızıl hərflərlə yazdırıb. Belə ki, bundan əvvəl Azərbaycandan heç bir şahmatçı dünya kubokunun qalibi olmayıb. Turnirin finalında Teymur Rəcəbov çinli Liren Dinqi məğlub edib.
Dünya kubokunda Azərbaycanın beş şahmatçısı mübarizə aparırdı. Teymur Rəcəbov bildirib ki, bütün komanda yoldaşları turniri tərk etdikdən sonra Azərbaycanın yeganə təmsilçisi olaraq qarşısına qalib gəlmək məqsədi qoyub. Şahmatçımız dünya kubokunu qazanmaqla yanaşı iddiaçılar turnirində birbaşa iştirak hüququ da əldə edib. Azərbaycan Şahmat Federasiyasının və Dünya Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qeyd edib ki, Teymur Rəcəbovun bu qələbəsi Azərbaycan şahmat məktəbinin böyük uğurudur.
Azərbaycan şahmat məktəbi böyük inkişaf yolu keçib.  Ötən əsrin 70-ci illərindən başlayaraq isə Azərbaycanda şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilib. Milli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Sovet İttifaqında şahmata olan diqqətlə seçilirdi.
1993-cü ildən etibarən şahmatın inkişafı müstəqil dövlət siyasətinin tərkib hissəsinə çevrilib.  Müstəqil Azərbaycan şahmatının tarixində ölkəyə birinci qızıl medalı  Qədir Hüseynov gətirib. 1994-cü ildə o, 8 yaşındaykən Rumıniyada keçirilən uşaqlar arasında Avropa çempionatında birinci yeri tutub, dünyanın ən gənc FİDE ustası kimi "Ginnesin Rekordlar kitabı"na düşüb.  2001-ci ildə Teymur Rəcəbov 14 yaşında ikən dünyanın ən gənc qrossmeysteri  rekordunu yeniləyib. Teymur Rəcəbov 2003-cü ildə  Harri Kasparova qalib gələrək dünya çempionunu məğlub edən ən gənc şahmatçı kimi şahmat tarixinə düşüb. 
Mərhum qrossmeyster Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov və digər gənc zəka sahibləri Azərbaycanda şahmata yeni nəfəs gətiriblər. Mütəxəssislər bildirirlər ki, Teymur Rəcəbovun dünya kubokuna sahib olması ölkədə şahmatın keçdiyi inkişaf yolunun məntiqi davamıdır.  
Mütəxəssis bildirir ki, Azərbaycan prezidentinin, eləcə də birinci vitse-prezidentin qələbə münasibətilə Teymur Rəcəbovu təbrik etməsi, onun uğurunu yüksək qiymətləndirməsi gənc şahmatçıları da böyük uğurlara həvəsləndirir. Azyaşlı istedadlar isə ölkəmizdə kifayət qədər çoxdur. Bir sözlə, Azərbaycan şahmatının dünəni və bu günü ilə yanaşı sabahı da parlaq görünür.


Create Account



Log In Your Account