Mar 28 2019 18:06
Views: 313

Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü tamam olur. Ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin təşkil olunması ilə başlayıb. 70 illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən mövcud quruluşu qorumaq, həmin totalitar rejimin ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub. Uzun müddət bu xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına imkan verilməyib.

Milli lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlanıb. Həyatının 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən milli lider o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub.

Bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşan Prezident İlham Əliyev bu sahədə struktur islahatların aparılmasını da diqqət mərkəzində saxlayır. Bu islahatların mühüm tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, ilk növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb.

Bu gün əlamətdar yubileyi və peşə bayramlarını qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur.  Milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə böyük işlər görür.

 


Create Account



Log In Your Account