Apr 18 2019 18:54
Views: 196

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Prezident İlham Əliyevin ötən il dekabrın 28-də imzaladığı ekspertizası tələb olunmayan obyektlərin tikintisinin və istismarının sadələşdirilməsi ilə bağlı fərmanının icrasına dair ilkin nəticələri açıqlayıb. Bu barədə komitənin Beynəlxalq Əlaqələr və İnformasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud məlumat verib. Bildirib ki, fərmanın icrası məqsədilə bu il fevralın 21-dən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə yeni elektron sistem istifadəyə verilib. Sistem bəzi obyektlərin tikintisinə və istismarına əlavə vaxt itirmədən icazə almağa imkan verir.

Yeni sistemdə bütün dövlət qurumları inteqrasiya olunub. Buna görə, informasiya mübadiləsi vaxta qənaət etməyə imkan verir. Artıq bu üstünlüklərdən yararlanaraq tikinti üçün icazə alanlar var.

Yeni sistem hələ Bakıda işləyir, gələn aydan ölkənin digər ərazilərində də tətbiqi nəzərdə tutulur. Rüfət Mahmud bildirib ki, indi bu sistem vasitəsilə ekspertizası tələb olunmayan obyektlərə icazələr verilir. Əsas məqsəd bütün binalar üçün icazələrin bu sistemdən istifadə etməklə veirlməsinə nail olmaqdır.

Qeyd edək ki, tikinti sahəsində biznes mühitinin əlverişliliyinin artırılması iqtisadi canlanmaya müsbət təsir göstərib, eləcə də bu sektor üzrə islahatları beynəlxalq təşkilatlar da yüksək qiymətləndiriblər. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında "Tikinti üçün icazə alınması” indikatoru üzrə Azərbaycanın mövqeyi 100 pillə irəliləyərək 61-ci yerdə qərarlaşıb.


Create Account



Log In Your Account