Apr 15 2019 14:04
Views: 845

Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans narkotiklərin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulması ilə mübarizədə beynəlxalq təcrübənin öyrənilməsinə, müvafiq sahədə beynəlxalq əməkdaşlığın geclənməsinə öz töhfəsini verəcək.

Bu barədə konfransın açılış mərasimində baş nazir Novruz Məmmədov bildirib. O, qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsi cinayətkarlığın beynəlxalq təhlükəsizliyinə əsas təhdidlərindən biri sayılır. Azərbaycan narkotiklərə qarşı mübarizədə müxtəlif beynəlxalq təşəbbüslərə qoşulub. Ölkədə bu cinayətə qarşı mübarizə üzrə qanunvericilik bazası qəbul edilib. Son 15 ildə prezident tərəfinədn bu sahə üzrə 13 fərman, 56 sərəncam imzalanıb, Milli Məclisdə 38 qanun qəbul edilib, bir neçə dövlət proqramı hazırlanıb.

Baş nazirin müavini Əli Həsənov da qeyd edib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində narkotik vasitələrin becərilməsindən əldə edilən vəsaitlə yeni silahlar alınır, terrorçu qruplar yaradılır və həmin terrorçu qruplar dünyadakı münaqişə ocaqlarına göndərilir. Bu isə təhlükənin miqyasını daha da artırır. Odur ki, bu cür qeyri-qanuni fəaliyyətin qarşısını almaq üçün beynəlxalq səvviyədə mübarizə aparılmalıdır. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, komitə tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır və bu məsələdə gömrük orqanları üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

“2018-ci ildə gömrük orqanları tərəfindən 24 narkoqrup aşkar edilib, ümumi çəkisi 1 ton 193 kq olan  narkotik vasitə dövriyyədən çıxarılıb. Görülən tədbirlər nəticəsində 2019-cu ilin 3 ayında 16 narkoqrup barəsində istintaq tədbirləri aparılıb, ümumilikdə 520 kq narkotik maddə tutularaq saxlanılıb”.

Azərbaycan ABŞ üçün dəyərli tərəfdaşdır. Bu fikri açılış mərasimində çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger deyib. Səfir bildirib ki, Azərbaycan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparır və bu işə töhfə verir.

Beynəlxalq konfransın məqsdi narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı dünyada mövcud olan müasir mübarizə üsullarından ölkə mütəxəssislərinin bəhrələnməsinə şərait yaratmaqdır. Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Dövlət Gömrük Komitəsinin fəal iştirakı ilə təşkil edilən Bakı konfransında bu bəşəri problemin həlli yollarını müzakirə ediləcək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparılacaq. Qeyd edək ki, narkotiklərə tələbatın azaldılması yollarının tapılması baxımından nadir platforma olan Beynəlxalq Konfransın əsası 1983-cü ildə qoyulub. Sonradan o, 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən ümumdünya forumuna çevrilib.


Create Account



Log In Your Account