Feb 15 2019 18:33
Views: 531

“Təqaüd sisteminin təkmilləşdirilməsi ölkə Prezidentinin təhsilə qayğısının bariz nümunəsidir”. Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara münasibət bildirən təhsil naziri Ceyhun Bayramov belə deyib. Bildirib ki, təqaüdlərinin artırılması üçün dövlət büdcəsindən ilkin hesablamalara görə 25 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub.

 “1 mart 2019-cu ildən ali təhsil sistemində təqaüd almaq hüququnu qazanan tələbələrin sayı 16 min nəfər artırılacaq. Hazırda ali təhsil müəssisələrində təqaüd alan tələbələrin sayı ilə müqayisədə, bu, 30 faiz artım deməkdir.  Eyni zamanda, 2019-2020-ci tədris ilindən başlayaraq, 45 faizdən az olmayaraq, 2020-2021-ci tədris ilindən etibarən təqaüd alan tələbələrin sayının 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin ediləcək”.

Ümumilikdə təhsilin müxtəlif pillələrində təhsil alan tələbələrin təqaüdləri minimum 14 faizdən 25 faizədək artırılıb. Təhsil nazirinin fikrincə, bu həm də təhsildə çox vacib olan istiqamətin - tələbələrin akademik göstəricilərinin yüksəldilməsi üçün atılan önəmli addımdır.

“Ən böyük əhatəli olan ali təhsil pilləsindən danışırıqsa, təsis edilmiş yeni dəyişikliklərə əsasən, tələbə təqaüdləri akademik göstəricilərə əsasən, 51 baldan daha yüksək göstərici göstərənlər üçün 75 manat, 71-100 bal arası olanda 110 manat, 91-100 bal arası olanda 130 manat edir. Bu, bakalaviriat səviyyəsindədir. Magistratura səviyyəsində isə müvafiq olaraq, 80, 100, 120, 145 manat kimi müəyyən edilib”.

Ali təhsilin müxtəlif pillələrində təhsil alan tələbələr də təqaüdlərin artırılmasının onların maddi rifah halının yüksəldilməsinə xidmət edəcəyini bildirirlər. Doktoranturada təhsil alanlar artımın onlar üçün böyük motivasiya olacağını düşünürlər.

Prezident İlham Əliyevin sərəncamına əsasən, 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artacaq. 2019-2020-ci tədris ili üçün ali məktəblərdə dövlət sifarişli yerlərin sayı da artırılaraq, 12 324-dən 20500-ə çatdırılacaq. Nazir bununla bağlı sənəd layihəsinin Nazirlər Kabinetinə təqdim edildiyini deyib. Bundan başqa 2019-2020-ci tədris ilində işlək tələbə kredit sistemi təsis ediləcək. İşçi qrup aidiyyəti qurumların nümayəndələri ilə birlikdə bununla bağlı iş aparır.

 


Create Account



Log In Your Account