Oct 15 2019 20:14
Views: 225

Bu gündən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Qırğızıstandan Azərbaycana keçib. Şuranın Bakıda keçirilən 7-ci zirvə görüşündə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov sədrliyi Azərbaycana təhvil verdiklərini elan edib.
Toplantıda Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə “Türk dünyasının Ali Ordeni”ni təqdim edib.
Nursultan Nazarbayev öz çıxışında şurada bir sıra islahatlar aparılmasını təklif edib. Bundan başqa o, proqram hazırlanması təşəbbüsünü irəli sürüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dövlətlərinin üzləşdikləri problemlərə diqqət çəkib. Bu sırada Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının işğalını qeyd edib.
Toplantıda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş Naziri Viktor Orban, Türkmənistan Baş Nazirinin müavini Purli Aqamuradov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev çıxış ediblər. Özbəkistan Prezidenti ölkəsinin qurumla əməkdaşlıqdan böyük gözləntiləri olduğunu dilə gətirib.
Növbəti Zirvə Görüşünün Türkiyədə keçirilməsi qərara alınıb. Daha sonra sənədlərin imzalanması mərasimi olub. İmzalanan yekun bəyannamədə Türkiyənin Suriyanın şimalında apardığı antiterror əməliyyatına dəstək ifadə olunub.


Create Account



Log In Your Account