May 07 2019 18:16
Views: 335

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının - Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilib. İclasda türkdilli dövlətlərin ortaq televiziyasının yaradılması, bu ölkələrin ictimai yayımçıları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin media qurumları arasında əməkdaşlıq genişləndirilməlidir. Bu haqda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında fikirlər səsləndirilib. Türk Şurasının baş katibi Bağdad Amreyev işçi qrupun VII toplantısında müzakirə edilən məsələlərdən danışıb. Baş katib deyib ki, VII toplantıda şuraya üzv dövlətlər üçün önəmli məsələlər müzakirə olunub. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, əsas məsələ dövlətlərimiz arasında mətbuat sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir. Bu əməkdaşlıq Avrasiya və dünya məkanında xalqlarımızın maraqlarının qorunmasına xidmət etməlidir. Əməkdaşlığın gücləndiriməsi üçün konkret təkliflər də səsləndirilib.  

Prezidentin köməkçisi qeyd etdi ki, Şuraya üzv olan ölkələrin hər biri bərabərhüquqludur. Azərbaycan əməkdaşlıq istiqamətində bütün məsələlərə dəstək verməyə hazırdır. Azərbaycan üçün önəmli məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasətinin dünyaya yayılması istiqamətində məlumatların yayılmasıdır. Bununla bağlı türkdilli ölkələrin televiziyalarında məlumatların daha çox verilməsi əhəmiyyətlidir.

Əli Həsənov vurğulayıb ki, Türk Şurasına üzv dövlətlərin milli bayramları hər bir dövlətdə yayımlanması, üzv dövlətlərin telekanallarında 4 ölkənin filmlərinin nümayiş olunması məqsədəuyğundur. İclasda vurğulandı ki, vahid türkdilli televiziyanın yaradılması təşəbbüsü dörd ildir müzakirə olunsa da, hələ də məsələ öz həllini tapmayıb. Mövcud televiziyalardan birinin türkdilli dövlətlərin vahid kanalına çevrilməsi, bu funksiyanın hansısa formada icra edilməsi gündəlikdədir. TRT AVAZ kanalı bu mənada müzakirə obyektidir. Çünki bu kanal türk xalqlarına aid mədəniyyətin və tarixin dünya ictimaiyyətinə çatdırılmasında mühüm işlər görür.

İclasda Qazaxıstanın informasiya və sosial inkişaf nazirinin müavini Marad Azilxanov qeyd edib ki, ölkəsi Türk Şurasının üzvü olan dövlətlərin telekanallarının və informasiya agentliklərinin əməkdaşlığının genişləndirilməsini dəstəkləyir. O, təklif etdi ki, Şuraya üzv ölkələr Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin “Böyük Çölün yeddi özəlliyi” adlı məqaləsi ilə bağlı sənədli filmin çəkilməsinə dəstək versinlər. Qırğızıstanın Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Baxtımgül Novruzbayova bildirdi ki, ölkəsi Şuraya üzv dövlətlərə aid xəbərlərin və videoların yayılmasını təmin edir. Qırğızıstan Türk Şurası ölkələrində baş verən hadisələrin operativ şəkildə geniş coğrafiyaya çatdırılmasında maraqlıdır. Toplantı çərçivəsində milli ictimai televiziya kanalları arasında çoxtərəfli texniki əməkdaşlıq protokolu imzalanıb.

 


Create Account



Log In Your Account