Jun 14 2019 15:31
Views: 400

Gender bərabərliyindən danışmaq- qadınlardan danışmaq, qadınlara hansısa güzəştlər istəmək demək deyil. Sadəcə həm hüquqları, həm də öhdəlikləri, dünyanın taleyi ilə bağlı məsuliyyəti qadınlarla da bölüşmək lazımdır. Bu fikirlər parlamentdə keçirilən  “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda beynəlxalq konfransda səslənib. Türkdilli Ölkələrin Parlament Assambleyası və Milli Məclisin birgə təşkil etdiyi konfransda vitse-spiker Bahar Muradova deyib ki, dayanıqlı inkişaf məqsədlərinin icrası, bir sıra problemlərin aradan qaldırılması üçün qüvvələr birləşdirilməlidir: "Bu prosesdə kimsə kənarda qalmamalıdır, qadınların rolunu xüsusi artırmalıyıq. Belə olanda dayanıqlı inkişafa nail ola bilərik. Hesab edirəm ki, beynəlxalq səviyyədə qadınların rolunun artırılması, gender bərabərsizliyinin aradan qaldırılmasında çatışmazlıq var. Yəni qadınların problemləri ilə bağlı, sadəcə, danışmaq lazım deyil, müəyyən mənada dəstək verilməlidir». 
Toplantıda bildirilib ki, türk xalqları qadınlara əvəzolunmaz varlıq kimi yanaşır. TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə aktivlik göstərirlər. 
Qazaxıstan nümayəndə heyətinin rəhbəri, deputat Guljana Karaqusova öz ölkəsində gender bərabərliyinin prioritet istiqamətlərdən biri olduğunu bildirdi. Qazaxıstan parlamentində qadınların sayının 27 faiz təşkil etdiyini bildirən xanım deputat bu rəqəmin daha da artması üçün addımlar atılmasını vacib saydı. Qırğızıstan parlamentinin üzvü Ainura Altibayeva hər bir sahədə inkişafa nail olmaq üçün qadınların inteqrasiyasının önəmli olduğunu dedi. Digər çıxışçılar da türk dünyasına aid ölkələrdə qadınların hüquqlarından danışdılar. 

 


Create Account



Log In Your Account